Azərbaycan yeni geosiyasi konfiqurasiya yaradıb

Azərbaycan nüfuz artımı və inkişaf tempi ilə istər Qafqaz, istərsə də Xəzəryanı dövlətlərin heç birilə müqayisə olunmur. Sübut olaraq bircə faktı qeyd etmək kifayətdir ki, bütün dünyada Cenevrədə Bayden-Putin görüşündən sonra ən vacib olay Şuşadakı mətbuat konfransı və Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın imzaladığı bəyannamə hesab olunur. Yəni, Azərbaycan real geosiyasət və geoiqtisadiyyatda yeni bir ənənə formalaşdıran dövlətdir. Buna rəğmən, yenə nədənsə narazılar var.

Niyə bəzi müxalifətçilər uzun illər əsarət görmüş Azərbaycanı birdən-birə İsveçrə kimi görmək istəyir? Bu istəyin arxasında nə dayanır?

Bunu deputat Vüqar İskəndərov əvvəlcə bildirdi ki, uzun illərdir Azərbaycan bütün sahələrdə hərtərəfli inkişafı qarşısına qoyan bir ölkədir.

Millət vəkilinin fikrincə, bugünkü inkişafın bünövrələri hələ ulu öndər Heydər Əliyevin dönəmində qoyulub:

“Və bu möhkəm özülləri keyfiyyətcə yeni mərhələdə cənab Prezident uğurla davam etdirir və artıq Azərbaycan yeni reallıqlar yaradan bir ölkədir.

44 günlük zəfərimizi də təsadüfən qazanmadıq. Yəni, 2003-cü ildən sonra hər gün yaşanan tərəqqi, eyni anda ordu quruculuğunun vüsət alması Qarabağın düşmən tapdağından azad olunmasına hesablanmışdı. Bunu şərtləndirən bir çox cəhətləri saymaq olar. Ən əsası, ölkə qarşısına yeni inkişaf modelini qoymuşdu.

Biz artıq qalib ölkəyik və Azərbaycan yeni geosiyasi konfiqurasiya yaradıb. Bölgədə söz sahibi olan ölkəyə çevrilmişik. Təəssüf ki, ölkənin inkişafına, cəmiyyətdə formalaşan yeni ənənəyə baxmayaraq müxalifət dediyimiz bir qrup marginallar (əhəmiyyətsiz, aralıq mövqe tutanlar) bu tərəqqini görmək istəmir, yaxud gözləri götürmür.

Biz anlayırıq ki, bizi istəməynlər olar. Başa düşürük ki, belə ölkələr də var. Belə xalqlar da ola bilər. Ancaq özümüzdən, içimizdən olan, bizdən sayılan, bir millətin övladları dediyimiz insanların milli həmrəylik yanaşmasına da müxalif çıxması, hər şeyi necə-gəldi tənqid etməsi və qarayaxmaları insanı məyus edir. Əslində normal cəmiyyətdəki iqtidara normal da müxalifət olmalıdır ki, inkişaf getsin. Lakin milli məsələlər gələndə iqtidara yox, dövlətə müxaliflik sadəcə olaraq düşmənçilikdir.

Ona görə də düşünürük ki, bu qruplar gec-tez anlayacaqlar ki, ölkəni, milləti, xalqı, dövləti sevmək lazımdır. Onun uğurlarına sevinmək gərəkdir”

Millət vəkili sonda vurğuladı ki, bizim əsas missiyamız gələcək nəsillərə suveren, torpaqları bütövləşmiş, müstəqil, güclü bir Azərbaycan bəxş etməkdir:

“Bu, bizim hər birimizin üzərinə düşən böyük bir vəzifədir və biz bu tapşırığı uğurla yerinə yetirməyə çalışmalıyıq”