Azərbaycan yeni mərhələli və sistemli layihələr həyata keçirməkdədir

“Azərbaycan klassik enerji resurslarının istehsal edən dövlət olmaqla yanaşı, “yaşıl enerji”yə keçid etmək üçün uzun illərdir mərhələli və sistemli layihələr həyata keçirməkdədir. Xüsusilə də xarici investisiya əsasında Azərbaycanda günəş və külək stansiyalarının qurulması dövrün tələblərinə cavab verməkdədir. Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunmasından sonra bu yerlərin “yaşıl ərazi” elan edilməsi və burada alternativ enerji resurslarının istehsalına başlanması, Abşeron yarımadası və Xəzər dənizində də layihələrin icrası təqdirəlayiq addımlardandır”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

 

Onun sözlərinə görə, Azərbaycan ərazisində “yaşıl enerji”nin təşkili ilə bağlı xüsusi atlas hazırlanıb: “Azərbaycanın hansı regionlarında hansı enerjinin istehsalının mümkün olması bu atlasda öz əksini tapıb. Ərəb şirkətlərinin Azərbaycana sərmayəsi, BP ilə birlikdə “yaşıl enerji”nin istehsalına qoyulan sərmayə, eyni zamanda ölkəmizdən alternativ enerji resurslarının Avropaya çatdırılması üçün Qara dənizin dibindən xüsusi xəttin çəkilməsi də həyata keçirdiyimiz uğurlu layihələrdəndir. “Yaşıl enerji”yə keçidi tam təmin etdikdən sonra Azərbaycanda klassik enerji resurslarından istifadə azaldılacaq. Bu da nəticə etibarilə Azərbaycanda havaya buraxılan zəhərli qazların həcmini azaldacaq”.

Deputat sözlərinə davam edərək bildirib ki, bir sözlə “yaşıl enerji”yə keçid Azərbaycanda ekologiyanın qorunmasına çox böyük töhfə verəcək: “Bu baxımdan Prezident İlham Əliyevin həyata keçirdiyi bu uğurlu siyasəti dəstəkləyirik. Dövlətimizin ətraf-mühitin qorunmasına olan münasibəti nəticə etibarilə COP29-un Azərbaycanda keçirilməsi üçün əla bir zəmin oldu. Yaşıl dünya naminə həmrəyliyi təmin etməyi qarşısına məqsəd qoyan Azərbaycan 2024-cü ildə hədəflərinə çatmaq üçün bütün sahələrdə maraqlı layihələr həyata keçirəcək”.