Azərbaycan yeni reallıqlar yaradıb

“Regionda yeni reallıqlar yaranıb. Paşinyan hakimiyyəti daxildən nə qədər basqı olsa da, xarici havadarları nə qədər təhrikedici, şirnikləndirici üsullara əl atsalar da, hələ ki, astagəllik edir. Həm Qərbin, həm də Rusiyanın istəklərini yerinə yetirirmiş kimi görünməyə çalışır. Tərəddüd edir, ayaq altında qalmaq istəmir. Qərb dairələrində belə bir düşüncə hakim idi ki, Rusiyanın başı nə qədər Ukrayna “kampaniyası”na qarışıb, Cənubi Qafqazı ələ keçirə bilərlər. Düzdür, həm Qərb, həm də Rusiya daha çox bir cəbhədə döyüşməyə üstünlük verirlər, ikinci cəbhənin açılmasını heç istəmirlər. Amma buna getməyə məcbur olurlar, cavab da özünü çox gözlətmir”.

 

Bunu  açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

 

Deputat bildirib ki, bu gün Ermənistan ölüm-qalım dilemması qarşısındadır: “Ermənistanın arxasında duran qüvvələr özlərini xilaskar kimi təqdim edirlər, Rusiyaya qarşı İrəvanı qurbanlıq kimi hazırlayırlar. Ermənistan isə özünü qurulan dəzgahların əsl tərtibatçısı kimi göstərməyə çalışır. Ermənistan cəmiyyətində bunun məhz belə olduğunu düşə bilərlər, amma reallıq tam başqadır. Rəsmi İrəvan indiyədək Rusiyanın “forpost”u kimi təqdim edərək Azərbaycana qarşı işğalçılıq siyasətini 30 il davam etdirdi. Amma zaman dəyişdi, Azərbaycan reallığa tam uyğun olan siyasət yürüdərək, eyni zamanda ordu quruculuğunu yeni çağırışlara, son texnologiyalara uyğun quraraq Ermənistanı öz torpaqlarından çıxara bildi, suveren hüquqlarını ölkənin hər bir yerində bərpa etməyi bacardı. Buna baxmayaraq Ermənistan hələ də sülh müqaviləsi imzalamağa tələsmir. Ermənistanın regionda manevr imkanları getdikcə daralır, Qərbin üzdə dəstək dediyi yaxınlaşma isə daha çox ermənilərin ziyanına işləyir. Bu gün Qərbin və Rusiyanın Ermənistanı yeni bir döyüş meydanı seçməsi kimsəyə sir deyil. Ermənistan hər keçən gün daha çox şey itirir, fürsətləri qaçırır, sülhə biganə yanaşır”.