Azərbaycana qarşı qərəzli mövqe göstərilir

ABŞ-də fəaliyyət göstərən və özünü demokratiya və insan hüquqlarının keşikçisi kimi qələmə verən “Freedom House” təşkilatı bu günlərdə dərc etdiyi “Xalqlar keçiddə 2024” adlı illik hesabatında hazırda beynəlxalq aləmdə cərəyan edən proseslərə dair özünəməxsus şəkildə rəylərini açıqlayıb.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib.

O bildirib ki, bütövlükdə hesabat müəlliflərinin açıq-aşkar pozucu mövqedən çıxış edərək diplomatiya və qarşılıqlı anlaşmaya qarşı çıxdıqları aydın şəkildə sezilir.

“Ayırıcı xətləri dərinləşdirərək ikili standartlar üzərindən dövlətləri öz tərzlərinə uyğun bu və ya digər düşərgəyə aid edən “Freedom House” ölkəmizi də dünya ictimaiyyətinə mənfi obrazda təqdim etməyə cəhd göstərib. Belə ki, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini və müstəqil siyasət yürütməsini həzm edə bilməyən hesabatın sifarişçiləri, 2023-cü il sentyabr ayında Qarabağda həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində guya insan hüquqlarının pozulduğunu iddia edirlər.