Azərbaycanda ardıcıl və sistemli şəkildə islahatlar davam edir

Müasir müstəqil Azərbaycanın şanlı siyasi tarixinin mühüm səhifələrindən birini ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının yaradılması təşkil edir. Bu mərhələni ona görə qürur və iftixar hissi ilə şanlı tarix adlandırırıq ki, Yeni Azərbaycan Partiyasının yaradılması ilə xaos və hərc-mərclik içində olan, vətəndaş müharibəsi və dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə qarşı-qarşıya qalan Azərbaycanın xilasının, tənəzzüldən azad olaraq tərəqqi yoluna nail olmasının əsası qoyuldu.

Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Bilirik ki, dövlət müstəqilliyinin rəsmən elan olunduğu 1991-ci ilin 18 oktyabrından sonra Azərbaycan böyük fəlakətlə üzləşdi. Bir-birini sürətlə əvəzləyən müvəqqəti iqtidarların şəristəsiz siyasəti dövlətə, xalqa qarşı edilən xəyanətlər Azərbaycanın nəinki yenicə qazandığı müstəqilliyini itirmək, hətta bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdur. AXC-Müsavat cütlüyünün hakimiyyəti özünün bədnam idarəçilik fəaliyyəti ilə xalqın bu günə və gələcəyə ümidini, qürurlu millət kimi yaşamağa inamını öldürmüşdü. Meydanın boş olduğunu görən erməni təcavüzkarları da işğalçılıq siyasətini daha da gücləndirmiş, respublikanın ayrı-ayrı bölgələrində qanunsuz silahlı birləşmələr cövlan etməyə başlamışdı. Azərbaycan vətəndaş müharibəsinin bir addımlığında idi. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.

Həqiqətən də yarandığı gündən bu günə kimi, müstəqil Azərbaycanın keçdiyi şanlı yolun böyük və əhəmiyyətli hissəsi, bilavasitə Yeni Azərbaycan Partiyasının adı ilə bağlıdır. Əslində, Yeni Azərbaycan Partiyasının 29 illik tarixi, müstəqil Azərbaycanın yeni tarixini əks etdirir. Çünki partiya yarandığı gündən ölkədə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edib, müstəqil Azərbaycanın yüksəlişinə və tərəqqisinə öz töhfələrini əsirgəməyib. Zamanın sınaqlarından uğurla çıxan demokratik və sivil cəmiyyətdə xüsusi fəaliyyəti ilə seçilən Yeni Azərbaycan Partiyası uzun və keşməkeşli yol qət edən və hazırda iqtidar partiyası kimi istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə öz sözünü deyərək, Azərbaycanın inkişaf və tərəqqisində öz nəhəng töhfələrini verməkdə davam edir. Xalqımızın mütləq əksəriyyəti YAP-ın avanqard rolunu, onun təkamül yolu ilə ölkəmizi uğurdan-uğura apardığını qəbul edir, bundan qürur duyaraq hər zaman ona dəstək verir. Təsadüfi deyil ki, Yeni Azərbaycan Partiyasının gücü bu gün Azərbaycanın milli gücü, qüdrəti kimi xarakterizə edilir.

Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyasının hər bir qurultayı respublikamızın siyasi-ictimai həyatında böyük hadisə kimi yadda qalır. Bu da təsadüfi deyil. Çünki 29 il əvvəl ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası ilk gündən cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilib. 1993-cü ildə Heydər Əliyevin xalqımızın istək və tələbi ilə hakimiyyətə gəlişindən sonra hakim siyasi partiya statusunu alan YAP daim ona göstərilən etimadı doğruldub, hər zaman siyasi proseslərin önündə olub, öz fəaliyyəti ilə dövlətimizin inkişafına, yüksəlişinə layiqli töhfələr verib. Bu baxımdan VII qurultay Yeni Azərbaycan Partiyasının həyatında dönüş nöqtəsi hesab edilə bilər. Bu isə ölkəmizin Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən sonra yaranan yeni reallıqlardan irəli gəlir.

Sevindirici haldır ki, YAP-ın VII qurultayı cəmiyyətimizdəki yeniliklər və pozitiv dəyişikliklər fonunda keçirildi. Bu qurultaya qədərki dövrün ən böyük hadisəsi isə təbii ki, torpaqlarımızın işğaldan azad olunması idi. Təsadüfi deyil ki, Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev VII qurultayda giriş nitqinə də məhz Vətən müharibəsində qazanılan Qələbə barədə fikir bildirməklə başladı: “Partiyamızın VI qurultayından üç il ötür. Bu illər ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olmuşdur. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir”.

Son prezident seçkilərindən sonra İlham Əliyevin qarşıya qoyduğu bütün vəzifələr yerinə yetirilir, islahatlar uğurla davam edir, Azərbaycan ardıcıl və sistemli şəkildə qarşıya qoyulan bütün hədəflərə inamla çatır. Cənab İlham Əliyevin də qeyd etdiyi kimi, YAP-ın VII qurultayının keçirilməsinin zərurəti məhz bu səbəblərdən doğur və bu baxımdan YAP-ın VII qurultayında vacib qərarlar qəbul edildi. Partiyanın yeni Nizamnaməsinin qəbul olunması, İdarə Heyətinin 40 nəfərdən ibarət tərkibdə seçilməsi partiyanın idarə olunmasının və partiyada fəaliyyətin tənzimlənməsinin yeni, çevik mexanizminin yaradılması baxımından aktuallıq kəsb edir.

Hakim partiyanın 44 günlük Vətən müharibəsi dönəmində milli birlik modelini dünyaya nümayiş etdirən Azərbaycanın siyasi həyatında yeni bir strategiyanın – siyasi həmrəylik, inteqrasiya və milli birlik modelinin əsasını qoyması xüsusi ilə diqqətəlayiqdir. 6 siyasi partiyanın YAP-a qoşulması isə partiyanın cəmiyyətə milli həmrəylik mesajları verdiyini, qapılarının konstruktiv qüvvələrə açıq olduğunu nümayişi, eyni zamanda ölkəmizin siyasi mühitində siyasi dialoq mühitinin dərinləşməsində, demokratik ənənələrin şaxələnməsində yenilik oldu.

Ölkə Prezidenti İlham Əliyevin qurultayda proqram xarakterli çıxışı, vacib qərarların qəbul edilməsi partiyanın idarə olunmasının və partiyada fəaliyyətin tənzimlənməsinin yeni, çevik mexanizminin yaradılması, təkcə Yeni Azərbaycan Partiyasının üzvlərinə deyil, bütövlükdə Azərbaycan cəmiyyətinə verilən, xalqımızın yüksək mənəvi dəyərlərindən, dünyagörüşündən qaynaqlanan, ölkəmizin siyasi münasibətlər sisteminin gələcəyinə yönəlmiş mesaj oldu.

Son 17 ildə Azərbaycanın bütövlükdə inkişafı, əldə etdiyimiz uğurlar Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin yorulmaz, fədakar fəaliyyəti, Onun cəsarəti və eyni zamanda uzaqgörənliyi sayəsində mümkün olmuşdur. Azərbaycan keçən dövr ərzində kifayət qədər tarixi uğurlar əldə etmişdir. Bu uğurlar həm iqtisadiyyat, həm sosial sahədə, eyni zamanda Azərbaycanın beynəlxalq nüfuzunun artması sayəsində əldə edilmişdir. Eyni zamanda bu uğurlar içərisində ölkədə əldə edilmiş milli birlik və bu birliyin nəticəsində uzun illər ərzində işğal altında olan torpaqlarımızın azad olunmasını xüsusilə vurğulamaq lazımdır.

Məşhur Məmmədov

Milli Məclisin deputatı