Azərbaycanda avtomobillərin qiyməti bahalaşır

55

Azərbaycanda avtomobillərin qiyməti bahalaşıb, bahalaşır və bahalaşacaq

“Bizimkilər həmişə yaxşı avtomobil almaq istəyirlər”.

Yaxın iki-üç ildə avtomobillərin dəyəri 5-10% artacaq. Əgər Azərbaycanda və Rusiya, Gürcüstan kimi qonşu ölkələrdə avtomobillərin qiymətini müqayisə etsək, görərik ki, bizdə maşınlar 10-20% bahadır. Lakin bunun obyektiv səbəbləri var.

Xalq.az Exo-ya istinadən xəbər verir ki, bu barədə MBA Consulting şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib.

Onun sözlərinə görə, əvvəla Azərbaycanda əhalinin adambaşına düşən pul kütləsi yuxarıda adı çəkilən ölkələrdən çoxdur.

“İkincisi, bizim vətəndaşlar digərləri ilə müqayisədə daha yaxşı avtomobil və daşınmaz əmlak almaq istəyirlər. Tələbat nə qədər yüksək olsa, qiymətlər də bir o qədər baha olur. Üçüncüsü, Azərbaycanda biznes mühiti Gürcüstan, Ermənistan, Rusiya və ya Orta Asiya ölkələri ilə müqayisədə daha fəaldır. Buna görə də, öz biznesi olan insanlar mütləq qaydada nəqliyyat vasitəsi, yəni şəxsi avtomobil almalıdırlar” – deyə, ekspert izah edib.

Onun sözlərinə görə, yalnız az sayda adamlar Gürcüstan, Almaniya yaxud da Dubaydan maşın gətirməyə üstünlük verir:

“Məsələn, çox vaxt aparması və cəmi 500-2000 manata qənaət edildiyi üçün biznesmenlərə xaricdən avtomobil gətirmək sərf etmir. Alıcılar yeni avtomobil almaq istəyirlər və onu yalnız Azərbaycandan əldə edirlər. Əhalinin aztəminatlı təbəqələri isə maşınları əsasən Gürcüstan, Dubay yaxud da Avropadan gətirirlər. Lakin bu işlə əsasən həmin sahədə təcrübəsi yaxud da tanışları olan şəxslər məşğul olurlar”.

Yeri gəlmişkən, avtomobillərin seçimi baxımından dövlətlər arasında böyük fərq mövcuddur. Dünyanın bir hissəsində hansısa model cah-cəlal predmeti ola bilər, lakin digər yerdə həmin maşın heç kimə maraqlı deyil. Dünya ölkələrində müxtəlif modellərin fərqli qiymətlərini təqdim edirik:

Ford Focus Rusiyada – 13 626 manat, Avropada – 13 115 manat, ABŞ – 12 483 маната, Çində isə- 13 541 manat. Nissan Qashqai Rusiyada- 19 214 manat, Avropada – 20 556 manat, Çində isə – 18 791 manat. Volkswagen Tiguan Rusiyada- 21 810 manat, Avropada – 25 268 manat, ABŞ – 16 832 маната, Çində isə- 24 506. Mazda-6 Rusiyada- 21 810 manat, Avropada – 25 827 manat, ABŞ – 14 419 manat, Çində isə- 30 687. Hyundai Santa Fe Rusiyada- 29 088 manat, Avropada – 30 994 manat, ABŞ – 21 192 manat, Çində isə- 39 271. Mercedes C-klass Rusiyada- 34 449 manat, Avropada – 34 343 manat, ABŞ – 25 854 manat, Çində isə – 39 766 manat. BMW X3 Rusiyada- 43 547 manat, Avropada – 37 619 manat, ABŞ – 29 114 manat, Çində isə- 67 057. Mercedes E-klass Rusiyada- 44 881 manat, Avropada – 41 783 manat, ABŞ – 39 539 manat, Çində isə-56 551. Audi-S6 Rusiyada- 83 018 manat, Avropada – 75 909 manat, ABŞ – 55 227 manat, Çində isə- 136 601(auto.mail.ru).

Onu da qeyd edək ki, Amerikada maşınların qiymətinin formalaşdırılması zamanı müəyyən məqamlar nəzərə alınır və buna görə də, ABŞ-da avtomobillər daha ucuzdur.

Belə ki, bu ölkədə maşın alan zaman diler mərkəzləri alıcılara qiyməti endirməyə imkan verirlər. Nəticədə əksər hallarda müştəri avtomobilin tövsiyyə olunmuş qiymətindən az pul ödəyir. ABŞ-da avtomobillərin necə ucuz olması barədə əfsanələr dolaşır. Orada 323 at gücündə olan Chevrolet Camaro-nu 17 min 952 manata almaq olar.