Azərbaycanda dərmanlarda bahalaşdı

 Yanvarın 4-də Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

Xəbər verdiyimiz kimi, (SOCAR) Şuraya müraciətindən sonra  Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Həmçinin iclasda aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Həmçinin Tarif (qiymət) Şurasının iclasında digər sahələr üzrə tariflərə də yenidən baxılıb.

Belə ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin daşınmaz əmlakın texniki inventarlaşdırılmasının aparılması, əmlak barədə məlumatların reyestrə daxil edilməsi və əlaqədar xidmətləri üzrə tariflərə baxılması barədə müraciəti müzakirə edilib. Bu xidmətlər üzrə tariflərin 2009-cu ildə təsdiq olunduğu və tarif dəyişikliyi nəticəsində yaranan əlavə vəsaitin keyfiyyətli, çevik və etibarlı xidmətlərin göstərilməsi üçün avadanlıqların alınmasına, işçilərin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına, informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsinə sərf ediləcəyi nəzərə alınaraq, yeni tariflər təsdiq olunub.

Yeni tariflər 5 yanvar 2021-ci il tarixindən tətbiq ediləcək.

Tarif (qiymət) Şurasının iclasında yeni dövlət qeydiyyatından keçmiş 300-ə yaxın dərman vasitəsinin qiyməti də təsdiq olunub. Ticarət adı, farmaseptik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 12.392 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Bununla yanaşı, Nazirlər Kabinetinin müvafiq qərarı ilə fitosanitar tədbirlərə və dövlət fitosanitar xidmətlərinə görə xidmət haqqının təsdiq edildiyi nəzərə alınaraq, Tarif (qiymət) Şurasının 01.08.2014-cü il tarixli 4 nömrəli Qərarı ləğv olunub.

Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.