Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək? – Deputatlar danışdı

Fevralın 7-də baş tutan prezident seçkilərindən sonra cəmiyyətdə və müxtəlif kütləvi informasiya vasitələrində parlament seçkilərinin keçiriləcəyi ilə bağlı fərqli müzakirələr aparılır. Bəzi mülahizələrə görə parlamentə seçkiləri yayda, bəzi mülahizələrə görə isə noyabr ayında baş tutacaq. 

Bu mövzuda aparılan müzakirələrin son günlər daha intensiv xarakter aldığının şahidi oluruq. Mövzu ilə bağlı bir neçə deputat fikirlərini Yenisabah.az-la bölüşüb.

İlk olaraq hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatı Elman Nəsirov məsələyə münasibət bildirib. Deputat hazırda partiya daxilində parlament seçkiləri ilə bağlı heç bir müzakirənin aparılmadığını qeyd edib:

“Bu cür mövzuların müzakirə olunasının motivlərini başa düşmək mümkündür. Ancaq mən sizə hakim Yeni Azərbaycan Partiyasının Təftiş komissiyasının üzvü kimi tam məsuliyyətlə deyə bilərəm ki, parlament seçkilərinin keçirilməsi ilə bağlı məsələ nə partiyanın idarə heyətində, nə də təftiş komissiyasında müzakirə edilib. Bu cür fikirlərin səsləndirilməsi cənab prezident İlham Əliyevin andiçmə mərasimində ölkəmizin daxil olduğu yeni dövrlə bağlı etdiyi çıxışla bağlıdır. Artıq biz torpaqlarımızın azad edilməsi ilə yeni dövrə qədəm qoyduq. Yeni mərhələ isə yeni müstəvidə islahatların aparılmasını tələb edir. Bu kadr islahatları, siyasi, iqtisadi ilsahatlar və digər sferalarda köklü dəyişiklikləri özündə ehtiva edəcək. Bu məntiqlə yanaşsaq, referendum və parlament seçkilərinin keçirilməsi ilə bağlı müzakirələr də başadüşüləndir. Sadəcə, hazırda bu məsələ ilə bağlı hakim partiyada hansısa müzakirələr keçirilmir”.

Sonuncu prezident seçkilərində namizəd olan deputat Fazil Mustafa parlament seçkilərinin konstitusiyaya əsasən bu ilin noyabr ayının 3-də keçirilməli olduğunu bildirib:

“Açığı, bu barədə konkret bir şey deyə bilmərəm, çünki parlament seçkilərinin hansısa formada keçirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddətdən başqa məlumat yoxdur. Konstitusiyaya görə parlament seçkiləri noyabr ayının 3-də keçirilməlidir. Ona görə də bundan başqa müddətlə bağlı deyilən fikirlər sadəcə iddialardır. Bu fikirlərin nə dərəcədə həqiqəti əks etdirdiyini söyləmək çətindir”.

Millət vəkili Vahid Əhmədov seçkilər barədə məlumatının olmadığını deyib:

“Bununla bağlı məndə hansısa məlumat yoxdur. Parlament seçkilərinin keçirilməsi ilə bağlı dəqiq nəsə eşitməmişəm”.

Deputat Arzu Nağıyev parlament seçkiləri ilə bağlı dəqiq bir xəbərin olmadığını qeyd edib:

“Bu barədə heç nə deyə bilmərəm. Seçkilərlə bağlı daha dəqiq məlumatı Mərkəzi Seçki Komissiyasından soruşmaq olar. Hazırda bununla bağlı konkret fəaliyyət yoxdur”.