Azərbaycanda polis həbs olundu

Polis-1

Azərbaycanda polis zabiti saxlanılıb. Balakən Rayon Polis Şöbəsinin İtitala kəndi üzrə sahə müvəkkili, polis kapitanı Vüqar Filiyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.

Onun nədə ittiham olunduğu açıqlanmır.
Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçıları V. Filiyevi Balakən şəhəri ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinin qarşısında tutublar.

Balakən Rayon Polis Şöbəsindən V. Filiyevin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən saxlanıldığını təsdiqləsələr də, polis zabitinin saxlanılmasının detallarını açıqlamayıblar

 


 

Azərbaycanda polis zabitinin saxlanılması barədə yayılan məlumatlar öz təsdiqini tapmayıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Orxan Mansurzadə “Trend”ə bildirib ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat zamanı Balakən Rayon Polis Şöbəsinin İtitala kəndi üzrə sahə müvəkkili, polis kapitanı Vüqar Filiyevin saxlanılması barədə yayılan məlumatlar əsassızdır.

Qeyd edək ki, bu gün bəzi KİV-lərdə polis kapitanı V.Filiyevin saxlanılması barədə məlumat yayılıb.