Azərbaycanda sabitlik və inkişafı təmin edilib

40

 

Azərbaycan Respublikasının nümayəndə heyəti Krans Montana Forumunun oktyabrın 16-19-da Belçikanın Brüssel şəhərində keçirilmiş Transmilli Cinayətkarlıq üzrə Beynəlxalq Sammitinin 15-ci illik sessiyasında iştirak edib.

Tədbirdə yeni terror təhdidləri və onların beynəlxalq biznesə, o cümlədən neft və qaz sənayesinə təsiri, milli infrastrukturun mühafizəsi, korrupsiyaya qarşı mübarizə, kibercinayətkarlığa qarşı mübarizə, milli və beynəlxalq təhlükəsizliyin təmin edilməsi və bu çərçivədə digər aktual məsələlər müzakirə olunub.Tədbirin açılışında çıxış edən Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Azərbaycan Respublikası prezidentinin rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatlar və əldə edilmiş nailiyyətlər, habelə ölkəmizin beynəlxalq terrorçuluğa qarşı mübarizəyə verdiyi töhfə barədə məlumat verib.O, həmçinin dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, xüsusi olaraq dövlət xidmətlərinin müasir informasiya texnologiyalarından istifadə etməklə, rahat göstərilməsi üzrə tədbirləri qeyd edib, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən yaradılmış Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun “ASAN-Xidmət” Mərkəzlərinin uğurlu təcrübəsini vurğulayıb.Fuad Ələsgərov Azərbaycan Respublikası prezidentinin həyata keçirdiyi iqtisadi və sosial islahatların nəticəsində dünya iqtisadi böhranının ən kəskin dövründə belə Azərbaycanda sabitlik və inkişafı təmin edilib və bu tədbirlər ölkəmizi böhrandan sonrakı dövrdə daha da gücləndirib. İslahatlar xalqın böyük dəstəyini qazanıb. Həmin dəstəyin ən bariz nümunəsi islahatların aparıcı qüvvəsi olan İlham Əliyevin seçkilərdə təkrar qazandığı möhtəşəm qələbədir.

Sammitin tematik sessiyalarında milli təhlükəsizlik nazirinin müavini Əli Şəfiyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev məruzə ediblər.

Tədbirdə həmçinin Azərbaycan Respublikasının Belçika Krallığındakı səfiri və Avropa İttifaqı yanında Daimi Nümayəndəliyinin başçısı Fuad İsgəndərov iştirak ediblər.

Sammit çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçirilib. Belə ki, nümayəndə heyətinin Krans Montana Forumunun təsisçisi və icraçı direktoru, İSESCO təşkilatının baş direktoru, ATƏT- in Bakı Ofisinin rəhbəri, Rumıniyanın Xarici İşlər Nazirliyinin dövlət katibi, Avropa Parlamentinin Bolqarıstandan olan deputatı və digər rəsmi şəxslərlə görüşləri olub.