Azərbaycanda yeni dövrün çağırışlarına uyğun qətiyyətli islahatlar həyata keçirilir

VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasının keçirilməsindən 1 il ötür. Hesab edirəm ki, Milli Məclisin sədri Sahibə xanım Qafarovanın rəhbərliyi ilə ötən bu müddət ərzində parlament öz fəaliyyətini uğurla həyata keçirib. Milli Məclisin qanunvericilik təşəbbüsləri artıb. Bundan əlavə, Milli Məclis Aparatında struktur və kadr dəyişiklikləri aparılıb.Parlament pandemiya səbəbindən bir sıra sahələrdə məhdudiyyətlərə və çətinliklərə baxmayaraq, davamlı və fasiləsiz surətdə öz işini davam etdirib, qanun layihələrinin geniş müzakirələrini təşkil etdi. Bu dövrdə altıncı çağırış Milli Məclisin ikisi növbədənkənar olmaqla dörd sessiyası başa çatıb. Bu müddətdə Milli Məclis tərəfindən 38 qanun, 167 Azərbaycan Respublikası qanunlarına dəyişiklik, 51 qərar qəbul edilib. Bu dövrdə Milli Məclisin 44, onun komitələrinin isə 282 iclası keçirilib. Hazırda isə beşinci sessiya davam edir.Milli Məclisin ötənilki fəaliyyətinin mühüm bir dövrü Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə xalqımızın apardığı Vətən Müharibəsi ilə eyni vaxta təsadüf edib. “Milli Məclisin deputatı kimi ən böyük qürur hissini 27 sentyabr 2020-ci il tarixində keçirilən və Azərbaycan Respublikası Prezidentinin “Hərbi vəziyyət elan edilməsi haqqında” Fərmanının təsdiq edilməsi ilə bağlı keçirilən iclas zamanı yaşamışam. Bir deputat kimi həm də ona görə çox xoşbəxtəm ki, 44 günlük Vətən müharibəsi və Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun və Xalqının qələbəsini görmək mənə nəsib olub. Biz torpaqları işğal altında olan bir dövlətin parlament üzvləri deyil, qalib bir ordusu olan dövlətin parlament üzvlərinə çevrildik. Onu da qeyd edim ki, Vətən müharibəsi zamanında Azərbaycanın parlament diplomatiyasının bütün imkanları Vətən müharibəsi ilə bağlı gerçəkliklər haqqında dünya ictimaiyyətini məlumatlandırmağa, əsl həqiqətlərin beynəlxalq auditoriyaya çatdırılmasına səfərbər olunmuşdu. Hesab edirəm ki, Milli Məclisin sədri Sahibə xanım Qafarovanın rəhbərliyi ilə deputatlarımız bu işin də öhdəsindən layiqincə gəldilər.Onu da qeyd edim ki, Prezident İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli çıxışı yeni tərkibdə fəaliyyətə başlayan qanunverici orqan üçün “Yol xəritəsi” oldu, Milli Məclisin gələcək fəaliyyətinin hədəf və prioritetlərini müəyyənləşdirdi. İlk dəfə olaraq Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradıldı və həmin şöbəyə işinin peşəkarı Ədalət Vəliyev müdir təyin olundu. Hesab edirəm ki, bu şöbənin yaradılması ölkə rəhbərliyinin siyasi partiyalarla müntəzəm işin aparılması, sağlam əməkdaşlıq qurulması, habelə Milli Məclis ilə daha müntəzəm əlaqələrin təşkilinə verdiyi əhəmiyyətdən irəli gəlir. Bu gün Azərbaycanda yeni dövrün çağırışlarına uyğun qətiyyətli islahatlar həyata keçirilir, idarəetmə təkmilləşdirilir, əsaslı institusional dəyişikliklər baş verir və bu kompleks keyfiyyət dəyişiklikləri isə Milli Məclis qarşısında mühüm vəzifələr qoyur. Hesab edirəm ki, qarşıdakı illərdə Milli Məclis ölkəmizin inkişafı yolunda hakimiyyətin bir qolu olaraq öz uğurlu töhfələrini verəcək.

Jalə Əhmədova

Milli Məclisin deputatı