“Azərbaycanın hərəkata sədrlik etməsi ölkəmizə olan etimadın artmasına səbəb oldu” – Mətanət Səfərli

1955-ci ildə yaradılan Qoşulmama Hərəkatıının ən məhsuldar dövrü Azərbaycanın sədrlik etdiyi müddətə təsadüf etdi, desək yanılmarıq. Əslində bunu təsadüf də hesab etmək olmaz. Quruma sədrlik edən Azərbaycanın Prezidenti cənab İlham Əliyevin siyasi təcrübəsi, liderlik keyfiyyətləri Hərəkatın qlobal əhəmiyyətli bir sıra təşəbbüslərlə çıxış etməsində başlıca rol oynayıb. Azərbaycanın qlobal çağırışlara cavab verən təşəbbüsləri bu təşkilatın beynəlxalq nüfuzunun artmasına səbəb oldu. Eyni zamanda sədrlik Azərbaycan dövlətinin də beynəlxalq münasibətlər sistemində yerinin daha da möhkəmləndirdi.
Azərbaycanın hərəkata sədrlik etməsi üzv dövlətlərin ölkəmizə olan etimadının da artmasına səbəb oldu. Respublikamızın qlobal əhəmiyyətli təşəbbüslərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi buna bariz misaldır. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı təşviq etməsi digər üzvlər tərəfindən təqdir olunur.
BMT-nin Baş katibi Antonio Quterreşin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünün iştirakçılarına müraciətində Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə dünyanın üzləşdiyi çağırışların müzakirəsinə və həllinə töhfələr verdiyini xüsusilə vurğuladı.
Azərbaycan 2019-cu ildə keçirilən XVIII sammitdə təşkilatın sədri seçildikdən sonra 2020-ci ilin may ayında Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının COVID-19 ilə mübarizəyə həsr edilən onlayn sammiti keçirilib. Zirvə toplantısında Azərbaycan BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağırılmasını təklif edib. 2020-ci ilin dekabr ayında keçirilən tədbirdə bir çox ölkələrin dövlət və hökumət başçıları çıxış ediblər. Eyni zamanda, Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək üçün 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı olub.
Azərbaycan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış edib və Şəbəkənin ilk iclası 2022-ci ilin iyununda Bakıda keçirilib. Şuşa Razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatının yaradılması da qurumun daha da güclənməsini göstərən faktorlardan biri oldu.
 Qoşulmama Hərəkatına üzvlük və sədrlik Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırdı. Məhz genişmiqyaslı uğurlu beynəlxalq fəaliyyəti sayəsində ölkəmizin keçmiş Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Hərəkat tərəfindən dəstəkləndi. Nəticə olaraq Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin hazırladıqları bəyanat layihəsi geri götürüldü. Həmçinin sonrakı illərdə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı irəli sürülmüş qərəzli təşəbbüslərin qarşısı Hərəkata üzv dövlətlər tərəfindən alınıb. Qoşulmama Hərəkatı ölkələrinin belə qətiyyətli mövqeyi onların “Bandunq prinsipləri”nə və Hərəkatın dəyərlərinə sadiqliyini nümayiş etdirir.
BMT-dən sonra ikinci böyük təsisat kimi tanınan Qoşulmama Hərəkatı yenidən formalaşan dünya nizamında fəallığını daha da artırır. BMT Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və dünya dövlətlərinin əksəriyyətinin maraqlarına cavab verən formatda fəaliyyət göstərmə günümüzün tələblərindən biridir.
Qoşulmama Hərəkatının ötən 4 illik fəalityyəti dövründə təşkilat dünyada gedən qlobal proseslərdə aktiv rol oynamaqla yanaşı, beynəlxalq hüququ, sülh və sabitliyi daim təşviq edib, ölkələrarası sağlam münasibətlərin formalaşmasına töhfələr verib.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı