Azərbaycanın Qarabağ dərsi

İllərdir ki, xalqımızın ümumilli dərdi olan Qarabağın bir anda bizim üçün, bütün dünya üçün dərsə çevriləcəyini hardan bilə bilərdik?! 27 ildən sonra, sentyabrın 27-də başlanan bu haqlı savaş təkcə doğma torpaqlarımız uğrunda aparılan mücadilə deyil, eyni zamanda, haqqın ədalətsizlik, doğrunun yalan, cəsarətin qorxu, qısacası, xeyirin şər ilə mübarizəsidir.

Bu mübarizə ilə yenilməz ordumuz ədalətsizliyi ədalətlə devirərək düşmənə göstərdiyi münasibətin timsalında xalqımızın öz milli mənəviyyatına, əxlaqi prinsiplərə, humanizmə sədaqətini hər an nümayiş etdirir.

Ərazi bütövlüyümüzlə yanaşı, ümidlərimizi, Qarabağ sevincimizi də bərpa edən Vətən övladları xalqımızın illərdir qurumayan göz yaşını silərək, dahi Mövlana Cəlaləddin Ruminin “Çıxacağım yerə səbri nərdivan edirəm” kəlamını əmələ çevirərək bütün dünyaya təmkin dərsi keçirlər. Bəşər sivilizasiyasının çox sürətlə inkişaf etdiyi bir çağda işğalçılıq, soyqırım aktı, hərbi cinayətlər törətməkdən çəkinməyən Ermənistanın anti-humanist davranışlarına qarşı son dərəcə soyuqqanlı münasibət sərgiləyən müzəffər ordumuzun bu təmkini döyüş meydanında da göstərərək düşmənin çoxsaylı təhrikedici cəhdlərinə uymaması yüksək peşəkarlıq nümunəsidir.

 Acı məğlubiyyətin intiqamını ənənəvi olaraq dinc və sivil əhalidən almağa vərdiş edən, müharibənin də bir qayda-qanunu, işğalın da bir qırmızı xətti olduğuna məhəl qoymayan əks tərəfin son dərəcə vandal münasibətinə adekvat cavabın yalnız və yalnız ön cəbhədə verilməsi xalqımızın mərdliyinə dəlalət edir.

Bu mərdlik təkcə ordumuzda deyil, Ali Baş Komandan başda olmaqla, xalqımızın bütün nümayəndələrində, körpəsindən tutmuş, yaşlısına qədər hər kəsdə təzahür edir.  Belə ki, düşmənin 2020-ci ilin oktyabrında humanitar atəşkəs rejimi şəraitində öz növbəti təxribatçılıq fəaliyyətini həyata keçirərək ölkəmizin ikinci paytaxt şəhərləri olan Gəncə və Bərdəyə hücumu, günahsız insanları, istisnasız olaraq – azyaşlı və qoca ayırmadan hədəf seçməsi insanlığa sığmayan terror aktdır. Bütün bunların müqabilində isə Gəncədə dağıntılar altından yaralı halda çıxarılan balaca Bəxtiyarın dünyanın belə, diqqətini cəlb edən məğrur gülüşü sanki düşmənin acizlikdən doğan davranışına yönəlmiş bir cavab idi.

Eyni dilə, dinə və mədəniyyətə mənsub qardaş Türkiyə dövlətinin isə heç bir diplomatik məqsəd güdmədən, tam təmənnasız, sevgi ilə yoğrulmuş yardımı bu birliyin sarsılmaz olduğunu bütün dünyaya sübut edir.

Biz namərdlərə mərdliklə, informasiya müharibəsində üstümüzə atılan, heç bir doğruluq payı olmayan böhtanlara həqiqətlə, nifrətə humanizmlə, xəyanətə ədalətlə, bir sözlə, yamanlığa yaxşılıqla cavab veririk.

Beləliklə, Azərbaycan əsgəri torpaqlarımızın hər qarışını geri alaraq düşmənə ədalət, şücaət, mərdlik, on milyonluq Azərbaycan isə yeddi milyardlıq dünyaya Qarabağ dərsi verir! Supergüc dövlətlər bizimlə olmasa da, Haqq bizimlədir! Böyük türk şairi Tofiq Fikrətin təbirincə:

 “Zülmün topu var, gülləsi var, qələsi varsa,

Haqqın da bükülməz qolu, dönməz üzü vardır”.

Bir zamanlar yalnız Azərbaycana, indi isə bütün dünyaya bəyan olduğu kimi: “Qarabağ Azərbaycandır!”

Afaq Ağayarova

BDU-nun jurnalistika fakültəsinin doktorantı