Azərbaycanla “Microsoft” şirkəti arasında əməkdaşlıq imkanları genişlənir

“Microsoft” şirkətinin vitse-prezidenti Filip Roq dünən keçirilən videokonfransda ölkəmizin qlobal pandemiya ilə mübarizədəki uğurlarını və yeni texnologiyalara transformasiya niyyətlərimizi yüksək dəyərləndirərək Azərbaycanla daha geniş spektrdə əməkdaşlıq etmək istədiklərini bildirdi. Ümumiyyətlə, dünyanın aparıcı texnoloji şirkətlərinin rəhbərlərinin təşəbbüsü ilə Prezident İlham Əliyevlə videokonfransların keçirilməsi ölkə iqtisadiyyatının inkişafını müasir çağırışlara uyğunlaşdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir.

XALQ.AZ xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü İqbal Məmmədov bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev müasir inkişafın əsas lokomotivinin texnologiyalar olduğunu qeyd edir və ona görə də son illər elektron hökumətin yaradılması, rəqəmsal ticarət habının formalaşdırılması istiqamətində ölkəmizdə böyük layihələr icra olunur. “Microsoft” şirkətinin rəhbərliyi ilə iyunun 16-da keçirilən videokonfransda da bu məsələlər geniş müzakirə olundu. “Microsoft” şirkəti dünyanın ən böyük 10 şirkətindən biridir. Bu şirkətin Azərbaycanla əməkdaşlıq potensialı çox genişdir. Bu gün ölkəmizdə rəqəmsal transformasiya üzrə hökumət strategiyası üzərində işlənilir və bu strategiya 5 il ərzində həyata keçiriləcək. Rəqəmsal strategiya həyatımızın hər bir sahəsinin elektronlaşdırılmasına imkan verəcək.

İqbal Məmmədov əlavə edib ki, ölkəmizdə süni intellektdən daha geniş istifadə edilməsi ilə bağlı layihələrin həyata keçirilməsi üçün yeni strategiya hazırlanır. “Microsoft” şirkəti yaxın zamanda süni intellekt platformasının Azərbaycan dilini dərk etməsi üzərində işləyir. Bu da Azərbaycanı öz dilini süni intellektə tanıdan dünyada çox az ölkələrdən birinə çevirəcək. “Kibertəhlükəsizlik bizim üçün hər zaman aktualdır. Ölkəmiz rəqəmsal iqtisadiyyata üstünlük verdiyindən dataların kiberhücumlardan qorunması aktuallaşır. Azərbaycan dünyanın 2 milyarda yaxın insanını internetlə təmin edəcək Xəzər dənizinin dibi ilə fiber-optik kabelin çəkilməsini həyata keçirir. Bu layihə başa çatandan sonra Azərbaycanda böyük data mərkəzi yaradılacaq” , – deyə o bildirib.

Deputat qeyd edib ki, müzakirə olunan mövzulardan biri də süni intellekt üzərində qurulmuş Silikon vadisi kimi Abşeron vadisinin yaradılması məsələsidir. Avropanı Asiyaya birləşdirəcək yeni rəqəmsal habın Azərbaycanda yaradılması Abşeron vadisinin yaradılması prosesini sürətləndirəcək. Ona görə də kibertəhlükəsizlik məsələsində “Microsoft” şirkəti ilə əməkdaşlıq perspektivlərimiz genişdir.

Milli Məclisin deputatı bildirib ki, dünyanı koronavirus pandemiyası ağuşuna aldığı bir zamanda iqtisadiyyatda və təhsildə yeni yanaşmanın ortaya qoyulması aktuallaşır. Bu, məsafədən idarəetmə və distant təhsil məsələləridir. Pandemiyanın nə vaxt bitəcəyini heç kim bilmədiyindən biz təhsilimizi distant formada davam etdirməyə hazır olmalıyıq. Yəni, bütün bu məqamlar müasir dövrün çağırışlarıdır və bu çağırışlar Azərbaycanın “Microsoft” şirkəti ilə əməkdaşlıq imkanlarını genişləndirir.