Azərbaycanlı mer niyə öldürüldü?

Mer

Ukraynanın Poltava vilayətində ötən gün evinin qarşısında güllələnən azərbaycanlı merin ölümü barədə açıqlamalar verilib.

XALQ.AZ-ın məlumatına görə, Ukraynanın hüquq-mühafizə orqanları əslən azərbaycanlı olan Kremençuq şəhərinin meri Oleq Babayevin qətlə yetirilməsi ilə bağlı bir neçə versiyanı nəzərdən keçirirlər.

Bu barədə Poltava vilayəti üzrə DİN İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yuri Sulayev məlumat verib:

“Oleq Babayevin qətlinin peşəkar, sahibkarlıq fəaliyyəti və yaxud şəxsi zəmində törədilməsi kimi bir neçə ehtimallar mövcuddur”.

“Batkivşina” partiyasından keçmiş deputat olan Oleq Babayevin 49 yaşı olub. O, 21 oktyabr 1965-ci ildə Kursk şəhərində doğulub. Onun atası əslən Gəncə şəhərindən olub. 1990-cı ilin dekabrdan Ukrayna vətəndaşı olub. O, Almaniyadan gətirilən avtomobillərin satışı, dəri emalı biznesi ilə məşğul olub. O.Babayev 2005-ci ildən “Vorskla”nın prezidenti idi. Komanda ötən mövsüm Ukrayna premyer-liqasını 8-ci yerdə başa vurmuşdu.

Xatırladaq ki, Ukraynanın Poltava vilayətinin Kremençuk şəhərinin meri Oleq Babayev 26 iyulda səhər saat 10:00-da evinin qarşısında güllələnib. 3 güllə yarası alan mer yerindəcə keçinib.