“Azəriqaz”ın 25 əməkdaşı Rusiyadan sığınacaq istədi

qaz-1

“Azəriqaz” İstehsalat Birliyinin işdən çıxarılan qadın əməkdaşlarından bir qrupu Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət edib.

Onlar Azərbaycan vətəndaşlığından imtina edərək Rusiya vətəndaşı olmaq istədiklərini deyirlər.

Bu məlumatı virtualaz.org saytına açıqlamasında “Azəriqaz”ın sabiq əməkdaşları verib.

Onların sözlərinə görə, Rusiya səfirliyinə ünvanlanan həmin müraciəti “Azəriqaz”ın artıq işini itirmiş 25-dən artıq qadın əməkdaşı imzalayıb, lakin vətəndaşlıqdan imtina edib başqa ölkəyə sığınmaq istəyənlərin sayının artacağı gözlənilir: “Rayonlardan da müraciətlər edilir. Hər gün işdən çıxarılanlar var. Dövlət Neft Şirkətində isə müraciətimizə cavab veriləcəyini vəd edirlər. Ombudsman Aparatı da müraciətimizin iki günə araşdırılacağını demişdi. Amma hələ də cavab yoxdur. Biz ləğv olunmuş iş yerlərinin müqabilində işlə təmin olunmağımızı tələb edirik, başqa tələb və istəyimiz yoxdur”.

İşdən çıxarılmış qadınlar ixtisarlar zamanı onlara qarşı haqsızlıq olduğunu qeyd etdilər: “Uzun illərdir bu sahədə çalışanlar işdən çıxarılır. Amma rəislərə yaxın adamların iş təcrübəsi, qeyri-ixtisas sahibi olmaları nəzərə alınmır”.

Qadınlar müraciəti imzalayanlara təzyiq edildiyini də söylədilər: “Biz vətəndaşlıqdan imtina edəcəyik. Çünki bizə başqa yol saxlamırlar. İşdən çıxmazdan bir ay əvvəl bizdən anket istəmişdilər. İndi isə qohumlarımıza təzyiq edir, aksiyada iştirak edəcəyimiz, səfirliklərə gedəcəyimiz təqdirdə onların da işdən çıxarılacağı söyləyirlər”.

Qeyd edək ki, “Azəriqaz”da çalışan Qarabağ əlilləri də ölkə vətəndaşlığından imtina edirlər. Bu barədə virtualaz.org saytına məlumat verən Qarabağ əlili Əhməd Rəhmanov rəsmi müraciət etdiklərini deyir: “Biz də “Azəriqaz”a qarşı iddia qaldırmışıq. Hüquqlarımızı bərpa etməyəcəkləri təqdirdə vətəndaşlıqdan imtina edəcəyik. Bizim bir parça çörək qazanmağımıza əngəl olan məmurların əlindən doğma vətənimizi tərk etmək məcburiyyətindəyik”.