“Azərsu”-da qruplaşma

 

50

 

Azərsu ASC-nin daxilində yaradılmış qruplaşmalar arasında mövcud ziddiyyətlər barədə açıqlamalar təqdim edilmişdi. Həmin materialda biz göstərmişdik ki, ASC-nin daxilində olan mənbədən aldığımız məlumatda əldə olunan qeyri-qanuni gəlirlər uğrunda bir-biri ilə amansız mübarizəyə girişmiş qruolaşmaların sayının üç olduğu bildirilir. Belə ki, mənbə birinci qruplaşmaya “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun və “Birləşmiş Su-Kanal” MMC-nin rəhbəri Etibar Məmmədovun aid olduğunu bildirir. İkinci qruplaşma ASC sədrinin birinci müavini Teyyub Cabbarovun, sədr müavini Mirkamil Seyidovun və “Bakıkanalizasiya” müəssisəsinin müdiri Habil Məmmədovun alyasından formalaşıb. Təbii ki, bu üçlüyün də əsas məqsədi ASC-də mənimsənilən dövlət vəsaitlərindən daha böyük pay almaqdır. Bundan başqa isə  Teyyub Cabbarovun məxsusi qayğılarından biri də onun tutduğu vəzifəyə göz dikmiş Etibar Məmmədovun “hücumlarından” özünü və kürsüsünü qorumaqdır. “Azərsu” ASC-nin daxilində formalaşmış üçüncü qruplaşmanın üzvləri isə ASC sədrinin istismar üzrə müavini Köçəri Həsənov, iqtisadi məsələlər üzrə müavin Mahir Məmmədov və xarici sərmayələr üzrə müavin İlqar Tağıyevdir. Bundan başqa materialda biz qeyd etmişdik ki, aldığımız məlumatda hal-hazırda “Azərsu” ASC-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən yoxlama aparıldığı bildirilir. Göstərilir ki, ilkin araşdırmalar nəticəsində artıq ASC-də 500 min manat məbləğində dövlət vəsaitinin mənimsənilməsi faktı da aşkarlanıb. Bu mənimsəmənin bilavasitə həyata keçirilməsinə görə məsuliyyət daşıyan şəxs kimi isə ASC-nin Babək Həsənov adlı bir əməkdaşı həbs olunub. Məlumatda Babək Həsənovun ASC-də məhz üçüncü qruplaşmaya tabe olduğu bildirilir. Belə ki, Babək Həsənovun yardım üçün müraciət etdiyi şəxslər də məhz bu üçlüyün üzvləridir və bu əməkdaş həmin şəxsləri ona yardım etməyəcəkləri təqdirdə törətdikləri bütün maxinasiyalar barədə hüquq-mühafizə orqanlarına ətraflı məlumat verəcəyi ilə hədələyib. “Azərsu” ASC-də yer almış korrupsiya hallarına dair yeni aldığımız məlumatda isə bildirilir ki, bu qurumda həyata keçirilən maliyyə maxinasiyaları hətta ölkənin bir çox banklarını da çətin vəziyyətə qoymuş olur. Bu deyilənlərə nümunə kimi məlumatda  ASC-nin Məmməd Əliyev adlı əməkdaşının “Azərsu” tərəfindən verilmiş rəsmi məktub əsasında ölkə banklarından ümumilikdə 3 milyon manat məbləğində kredit çəkildiyi və bu məbləğin ödənilməsi ilə bağlı hazırda ciddi problemlərin yaşandığı bildirilir. Daha sonra ötən materialda biz göstərmişdik ki,bir vaxtlar ARDNŞ-də məsul vəzifə tutan Qorxmaz Hüseynov “nurçularla” olan sıx əlaqələrinə görə Rövnəq Abdullayev tərəfindən şirkətdən uzaqlaşdırılıb. Lakin bu tədbir Qorxmaz Hüseynovun sonrakı fəaliyyətinə heç bir təsir göstərməyib. Mənbələr iddia edirlər ki, ASC sədrinin “nurçularla” əlaqələri bu gün daha sıx formada davam etməkdədir. Belə ki, Qorxmaz Hüseynov mütəmadi olaraq Türkiyədə “nurçular” tərəfindən təşkil olunan müxtəlif səpkili toplantılarda iştirak etmək məqsədilə tez-tez qardaş ölkəyə səfərlər edir. Yeni aldığımız məlumatda ASC sədri ilə bağlı bu məqama dair də maraqlı açıqlamalar təqdim edilir. Mənbə bildirir ki, Qorxmaz Hüseynov hal-hazırda Türkiyədə 150-ə yaxın üzvü olan nurçu qruplaşmalarından birinə başçılıq edir. Sonda isə mənbə Etibar Məmmədov tərəfindən “Azərsu” ASC-nin sədrinə olunan bahalı hədiyyələrin “siyahısına” da müəyyən əlavələr olunmasını tövsiyyə edir. Onun sözlərinə görə, ən azından “Birləşmiş Su-Kanal” MMC-nin rəhbəri tərəfindən Qorxmaz Hüseynovun oğluna bağışlanmış bahalı avtomobil bu siyahıda öz layiqli yerini tuta bilər…