Azad olunmuş ərazilərdə böyük inkişafın təməlləri atılır

«Müzəffər Ordumuz 30 ilin işğalına son qoydu, ədaləti bərpa etdi. Ölkəmiz uzun illər çəkən ədalətsiz siyasi-hərbi mübarizədən qalib çıxdı. Dövlətimizin başçısı müdrik siyasəti ilə status-kvonu dəyişdirdi, təmas xəttini darmadağın etdi və tarixi Qələbəni reallaşdırdı. Hazırda azad olunmuş  ərazilərdə böyük inkişafın təməlləri atılır. Artıq regionların inkişafı, əhalinin rifah halının daha da yaxşılaşdırılması üçün bir sıra mühüm layihələr həyata keçirilir. Cənab Prezidentin dediyi kimi Azərbaycanın inkişafı bütün regionun inkişafı üçün əsaslı zəmin yaradır. Yeni yollar çəkilir, aeroportlar tikilir, «ağıllı kənd» və «ağıllı şəhər» layihələri reallaşdırılır. Demək olar ki, Azərbaycan üçün müharibə qurtarıb, bərpa-quruculuq işlərinə start verilib.»

Bu fikirlərimüsahibəsində Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

Kamran Bayramov qeyd edib ki, azad edilmiş torpaqlarda ikinci hava limanının tikintisinə start verilib. Dövlətimizin başçısı bildirib ki, artıq Füzuli Beynəlxalq Hava Limanının tikintisi uğurla gedir. Bu il Füzuli hava limanının uçuş-enmə zolağı istismara veriləcək. Beləliklə, biz bu il ilk təyyarələri Füzulidə qəbul edə biləcəyik. Həmçinin Zəngilan rayonunun coğrafi yerləşməsi və burada olan imkanlar təbii ki, Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Bu baxımdan da, təsadüfi deyil ki, hava limanı məhz Zəngilanda inşa ediləcək. Çünki coğrafi vəziyyətə baxdıqda hər kəs görə bilər ki, Füzuli, Zəngilan və ondan sonra Laçın rayonunda inşa ediləcək üçüncü beynəlxalq hava limanı bütün Qarabağ və şərqi Zəngəzur zonasını Zəngilan daxil olmaq şərtilə əhatə edəcək. Buradan dəmir yolu, avtomobil yolu keçəcək, Naxçıvana yol açılacaq. Göründüyü kimi, bərpa-quruculuq prosesinə diqqətlə, koordinasiya olunan tərzdə, vahid mərkəzdən idarə edilərək başlanılıb. Prezident İlham Əliyev ölkədə hərtərəfli islahatların genişləndirilməsinə verdiyi önəmlə, xüsusilə, regionların sosial-iqtisadi inkişafına nail olmaqla Azərbaycanı regionun ən qüdrətli dövlətinə çevirmişdir.

K.Bayramov xüsusi olaraq qeyd edib ki, işğaldan azad edilmiş torpaqlarımızın bərpa-quruculuq işlərinə ərazilərimizin minalanması böyük maneçilik törədir. İlk olaraq həmin ərazilər minalardan, partlamamış hərbi sursatlardan təmizlənməlidir. Amma torpaqlarımız işğal altında olduğu illərdə erməni qəsbkarları demək olar ki, hər yeri, hətta hərbi təyinatlı olmayan əraziləri belə minalamışlar. Ermənistan həmin minalanmış ərazilərin xəritəsini verməkdən imtina etməklə bir daha özünün mənfur sifətini göstərir. Bütün bunlar beynəlxalq normalara zidd və təcavüzkarlığın bir formasıdır. Azərbaycan enerji, nəqliyyat və digər xətlərin keçdiyi ərazilərdə minaların təmizlənməsi prosesi ilə məşğuldur. Çox ciddi işlər aparılır. ANAMA bütün gücünü zərf edir. Bundan başqa xaricdən mütəxəssislər cəlb olunur. Bir daha deyirəm ki, burada əsas problem xəritələrin verilməməsidir. Dövlət başçımız Hərbi Qənimətlər Parkının açılışındakı çıxışında bu barədə deyib: «İndi azad edilmiş torpaqlara ezam olunan insanlar və xarici qonaqlar hər şeyi öz gözləri ilə görürlər. Biz bütün azad edilmiş torpaqları bərpa edəcəyik. Sadəcə olaraq, biz erməni vəhşiliyini heç vaxt unutmamalıyıq.» İşğalçı ölkənin Azərbaycan ərazilərində məqsədyönlü minalanma işləri aparması nəticəsində həm hərbçilər, həm də mülki əhali arasında çox sayda ölən və yaralananlar var. Ermənistan bu əməllərinə görə cavab verməlidir. Beynəlxalq aləm bu məsələdə Ermənistana təzyiq göstərməli və ortaya konkret mövqe qoymalıdır. Təəssüflər olsun ki, beynəlxalq aləm və Ermənistanın havadarları onun işğalçılıq siyasətinə birbaşa və dolayısı yolla dəstək verdikləri kimi, bu dəfə də reaksiya vermirlər. 

K.Bayramov diqqətə çatdırıb ki, ATƏT-in Minsk qrupunun həmsədrləri uzun müddət mənasız bəyanatlardan o tərəfə getməyiblər. Çox yaxşı olardı ki, onlar heç olmasa bu işdə ciddi olsunlar və bu xəritələrlə bağlı müvafiq qərarlar qəbul etsinlər. Bildiyiniz kimi, Amerika-Vyetnam müharibəsində ən çox ölənlər məhz minalara görə olub. Ona görə də düşünürəm ki, bu çox ciddi məsələdir. Beynəlxalq qurumlar tək bəyanat verməklə deyil, təzyiq və təsir mexanizmlərini də işə salmalıdırlar.