AZAL-ın biletləri bahalaşacaq

“Buta Airways” “Azərbaycan Hava Yolları” (AZAL) QSC-yə birləşdirilir. Əgər oktyabr ayından tək AZAL brendi bazarda qalacaqsa, deməli, qiymətlər də bahalaşacaq.

Tribunainfo.az yazır ki, bu sözləri iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, “Buta Airways” – “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin struktur bölməsidir onsuz da, AZAL-a məxsusdur. Ona görə də AZAL-a birləşdirilməsi anlaşılan deyil:

“Buta və AZAL-ın eyni istiqamətlər üzrə (Türkiyə, Gürcüstan, Rusiya, Orta Asiya) uçuşları var, eyni istiqamətlərdə müəyyən qiymət fərqi var – AZAL-da daha bahadır. Baha olmasının səbəbi kimi daha fərqli baqaj və yemək siyasəti yürüdüklərini əsas gətirirlər. Məntiqlə, əgər oktyabr ayından tək AZAL brendi bazarda qalacaqsa, deməli, qiymətlər də bahalaşacaq”.