Azərbaycan beynəlxalq əməkdaşlığa önəm verir
Azərbaycanla Çin arasında münasibətlər qədim tarixə malikdir. İki ölkə arasında münasibətlər öz başlanğıcını qədim İpək Yolu dövründən götürüb və bu gün də uğurla davam edir.
Bunu Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, Azərbaycan ikinci dəfə müstəqilliyini qazandıqdan sonra ilə Çin arasında münasibətlərin inkişafında yeni dövr başladı.
“Çin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri oldu. Belə ki, 1991-ci il dekabrın 27-də Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il aprelin 2-də qurulub. 1992-ci ilin avqust ayında isə Çin Xalq Respublikasının Azərbaycan Respublikasında səfirliyi açılıb. 1993-cü ilin dekabr ayının 1-də isə ilk səfir təyin edilib.
Milli Məclisin qərarı ilə 1993-cü il 3 sentyabrda Azərbaycan Respublikasının Çin Xalq Respublikasında səfirliyinin açılmasını qərara alıb. 1994-cü il 7-10 mart tarixində Azərbaycan Rspublikasının Prezidenti Heydər Əliyev Çin Xalq Respublikasında rəsmi səfərdə olmuşdur. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici siyasət nəticəsində iki ölkə arasında münasibətlər strateji tərəfdaşlığa qədər yüksəlib”, – deyə deputat qeyd edib.
A.Həsənova vurğulayıb ki, Prezident İlham Əliyev hər zaman dünyanın iqtisadi və siyasi gücünə görən öndə olan ölkələrindən sayılan Çin ilə münasibətlərin inkişafına xüsusi diqqət yetirib:
“Bu gün Çin beynəlxalq münasibətlər sistemində xüsusi rola malikdir və dünya düzənində rolu getdickə artmaqdadır. Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzu, əlverişli coğrafi mövqeyi və geniş investisiya və nəqliyyat-logistika imkanları ölkəmizi Çin üçün cəlbedici edir və Çin Azərbaycanla münasibətlərin inkişafına xüsusi önəm verir. İki ölkə arasında münasibətlərin inkişafı qarşılıqlı maraqlara və etibarlı tərəfdaşlığa əsaslanır.
Ötən il Çin və Azərbaycan arsında strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamə qəbul edildi və bu Bəyannamə iki ölkə arasında münasibətlərin inkişafında yeni bir mərhələ açdı. Bu gün Azərbaycanla Çin arasında münasibətlər “Bir kəmər, bir yol” layihəsi əsasında, o cümlədən sənaye, enerji, infrastruktur, informasiya texnologiyaları, ticarət, kənd təsərrüfatı və digər sahələrdə sürətlə inkişaf edir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan-Çin əməkdaşlığının uğurla inkişafında iki ölkə rəhbərlərinin səfərləri, eyni zamanda dövlət başçıları arasında olan qarşılıqlı etimad və sıx dostluq münasibətləri xüsusi əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpinin siyasi iradəsi iki ölkə arasında əlaqələrin bundan sonra daha sürətlə inkişaf etməsinə böyük zəmin yaradır”, – deyə A.Həsənova əlavə edib.