Azərbaycan gəncləri dünyanın sürətli inkişafını anlayır,və uyğunlaşır…..
Vüqar İskəndərov: “Qara qüvvələrin əsas məqsədi milli dəyərləri gənclərin əlindən alıb manqurtlaşdırmaqdır”
“Gənclik insanın ən qaynar, ən enerjili zamanıdır. İnsan üçün ən vacib dövrü əhatə edir. Gənclik dövründə peşə seçimi edilir, təhsil alınır, gələcək həyatın bünövrəsi qoyulur. Asudə vaxtının səmərəli təşkili, milli-mənəvi dəyərlər və özünün cəmiyyətdə təsdiqi və s. meyarlar insanın necə formalaşması, yaşaması, həyat tərzinin necə olması və cəmiyyətdə necə mövqe tutması anlamına gəlməlidir”.
Bu fikirləri “Yeni Müsavat”a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.
Deputat xatırladıb ki, Azərbaycan dünyada az ölkələrdən biridir ki, dövlət gənclər siyasəti sahəsinə çox böyük diqqət yetirir: “Ulu öndər müstəqil Azərbaycanın Prezidenti olanda 1994-cü ildə ilk yaratdığı mərkəzi icra hakimiyyəti orqanı Gənclər və İdman Nazirliyi oldu. Bu nazirliyin yaradılmasında hədəflər var idi. Ulu öndər Heydər Əliyev bilirdi ki, Azərbaycanın gələcəyi gənclərdən asılıdır. Gənclərlə gərgin işləmək lazımdır. Azərbaycan gənci savadlı, vətənpərvər olmalı, milli ruhda tərbiyə almalıdır. Gənclər 44 günlük Vətən müharibəsində etimadı uğurla doğrultdular, həm vətənpərvər ruhlarını, həm də döyüş qabiliyyətlərini ortaya qoydular, o cümlədən bilik olimpiadalarında, idman meydançalarında özlərini sübut etdilər. Gənclərimiz bu gün aktiv həyat tərzi sürür. Dövr sürətlə dəyişir. Gənclərimiz də bir çox müsbət və mənfi axınların içərisindədirlər. Dünyada demək olar, sərhədlər yoxdur. Bir çox cərəyan da çoxdur və dünyanı dolaşmaqdadır”.
Deputatın sözlərinə görə, dövrün müsbət tərəfləri bilik almaq, təcrübə toplamaq, biliyi bacarığa çevirməyin əvvəlki illərə nisbətən daha əlçatan olmasıdır: “Amma eyni zamanda internetin sürətli inkişafı, gələn yeni dəyərlər içərisində mənfi tendensiyaların da olması gənclərin həyat tərzinə mənfi təsir göstərir. Bu mənada gənclər ayıq olmalıdırlar. Çünki gələn dəyərlərin içərisində milli kimliyin, torpağa bağlılığın, dövlətinə və xalqına sadiqliyin əksini təbliğ edən cərəyanlar da çoxdur. Gənclərin bu məsələdə əsas rolu yaxşını pisdən ayırmaq və onu özünün həyat tərzinə çevirməkdir”.
Deputata görə, maarifləndirici tədbirlər gənclərin ruhuna aid hazırlanmalıdır: “Müasir gənclik dünyanın sürətli inkişafını anlayır, görür və onlar da sürətlə inkişaf etməyə başlayırlar. Ona görə də uzun illər öncə aparılan təbliğat bu gün gənclərə maraqlı deyil. Gənclər xronometrajı uzun olan filmlərə, geniş yazılara yaxud böyük məruzə olan tədbirlərə meyl etmirlər. Onlar daha çox qısa, daha çox danışılan, eşidilən, lakonik olan, hədəfə dəyən mövzuları qavraya bilirlər. Deməli, biz maarifləndirici təbliğat məsələlərində bugünkü gənclərin maraq və meyllərini dərindən öyrənməliyik. Bu, orta məktəblərdən başlamalıdır.
Bundan başqa, gənclərin kumir saydığı şəxslərlə, qəhrəmanlarla görüşlər təşkil edilməlidir. Onların həyat tərzi gənclərə örnək kimi göstərilməlidir. Gənclərin maraqlarına uyğun kiçik və böyük klublar yaradılmalıdır. Könüllülük hərəkatı ölkəmizdə çox böyük vüsət alıb. Könüllü gənclər Azərbaycanın hərtərəfli inkişafına önəmli töhfələr verirlər. Bu da onların fərdi inkişafında müsbət təsirlər göstərir. Bu mənada həm televiziyaların, həm ümumilikdə mətbuat orqanlarının üzərinə çox böyük vəzifələr düşür.
Dünyada bir çox böyük qara qüvvələrin məqsədi milli dəyərləri gənclərin əlindən alaraq onu manqurtlaşdırmaq, zombiləşdirməkdir. Biz dəfələrlə şahidi olmuşuq ki, hər hansı yad təsirlər gənclərə daha tez təsir göstərir. Bu mənada gənclik həm də bu riskin altındadır. Odur ki, gənclər daha diqqətli olmalıdırlar, eyni zamanda onlara onların maraqlarına uyğun mövzularla təsir göstərilməlidir. Gənclərə əsasən biliklə bərabər, bacarıqları da təlqin etmək lazımdır”.