Bəhruz Məhərrəmov: “Antimilli fəaliyyətlərin heç bir perspektivi yoxdur”

“Azərbaycan Xalq Cəbhəsi Partiyası ətrafında müşahidə olunan proseslər, xüsusən “siyasi təsisatdan qopmalar” gecikmiş reallığın inikasıdır”.

Bu sözləri açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Deputat sözlərinə belə davam edib: “Bildiyiniz kimi, qanunvericiliklə siyasi partiyalar qarşısında konkret vəzifələr müəyyən olunur və xüsusən vətəndaşların siyasi iradəsinin ifadə olunmasında siyasi partiyalar müstəsna rola malik olur. Lakin Azərbaycan Xalq Cəbhəsi Partiyası fəaliyyətinin bütün dövrlərində Azərbaycan dövlətinin və Azərbaycan xalqının mənafeləri ziddinə fəaliyyət göstərmiş, hətta Vətən müharibəsi və antiterror tədbirlərində bu “partiya” və “funksionerləri” açıq şəkildə dövlət və xalq əleyhinə mövqedə qərarlaşmışlar.

Azərbaycan Xalq Cəbhəsi Partiyası və “rəhbərliyi” yaxşı başa düşür ki, özünün ən qüdrətli dönəmini yaşayan Azərbaycan Respublikasının siyasi həyatında onlara yer yoxdur. Bu mənada, dərnək yeganə şansı Azərbaycan dövlətinin siyasi qüdrətinin, iqtisadi potensialının və müdafiə və təhlükəsizlik qabiliyyətinin zəifləməsində görür və “partiya” bu istiqamətdə anti-Azərbaycan mövqeyi tutmuş beynəlxalq subyektlərin bu və ya digər formada Azərbaycan əleyhinə tezislərini müdafiə edir. Təsadüfi deyil ki, qeyri-dost davranışlar sərgiləyən beynəlxalq subyektlərlə münasibətlərimiz gərginləşən kimi Azərbaycan Xalq Cəbhəsi və onun müttəfiqləri olan digər antimilli ünsürlər birlikdə Azərbaycan dövləti daxilində təzyiq mühiti yaratmağa, qarşıdurmalar reallaşdırmağa çalışırlar. Təbii ki, özünün ən qüdrətli dönəmini yaşayan Azərbaycan Respublikasında bu kimi antimilli fəaliyyətlərin heç bir perspektivi yoxdur və illər uzunu Əli Kərimovun yalanlarına və şəxsi ambisiyalarına alət olmuş üzvlər tədricən bu reallığın fərqinə varmaqdadır.
Bu mənada, AXCP-dən qopmalar hələ prosesin başlanğıcıdır, “partiyanı” bundan sonra daha ciddi rüsvayçılıqlar gözləyir. Partiyadan istefa verənlərlə bağlı isə AXCP-nin sosial media çirkabında başlatdığı təhqir kampaniyası isə bu “təşkilatın” nə qədər iyrənc və siyasi etikadan kənar konsepsiyaya əsaslandığını bir daha ortaya çıxarır”.