Bəhruz Məhərrəmov təkliflə çıxış etdi

“Çox mütərəqqi bir qanun layihəsidir və təbii ki, səs verəcəyəm.

Milli Məclisin bu gün keçirilən iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Bəhruz Məhərrəmov deyib.

Millət vəkili bildirib ki, bu qanunun tam gücü ilə səmərə verə bilməsi üçün biz indidən bir sıra texniki-struktur xarakterli prosedurları həll etməliyik ki, bu mütərəqqi hüquqi aktın faydasını insanlar tam şəkildə duya bilsin. İlk olaraq, biz çalışmalıyıq ki, Əlilliyin yerlərdə qiymətləndirilməsini vahid bir orqana həvalə edilsin, ya Səhiyyə nazirliyi, ya TƏBİB, yaxud ƏƏSMN. Bu gün müşahidə olunan problemlərin kökündə dayanan amillərdən biri mən hesab edirəm ki, bu proseslə iki orqanın məşğul olmasıdır. Çox yüksək qiymətləndirilməlidir, ƏƏSMN-nin fəaliyyət sistemi və xidmətləri elektronlaşdırıb.

Lakin təcrübə göstərir ki, insansızlaşdırılmış proses heç də həmişə özünü doğrultmur. Məsələn, bizdə seçicilərdən eləsi var ki, iflic xəstəsidir, əlilliyinin təyini üçün dəfələrlə müraciət olunub, elektron sistem hər dəfəsində imtina verir. Əsas da olur ki, elektron blank Xəstəxanada doğru doldurmayıblar. Xəstəxana da təbii ki, bu iradı qəbul etmir. Bilirsiz bu cür mübahisəni uzatdıqca uzatmaq olar, amma bu prosesin uzanmasının acısını vətəndaş yaşayır, əlil qalır pis vəziyyətdə. Ona görə də prosesləri bu qədər sadələşdirən belə bir mütərəqqi bir qanunun fonunda biz dediyim texniki prosedura da diqqət yetirib əlilliyin qiymətləndirilməsini bir orqana həvalə etməliyik.Həmçinin, bu sahədə inzibati və cinayət məsuliyyəti tədbirlərini də sərtləşdirilməliyik ki, nə məmuru pozuntuya yol verməsin, nə də haqqı olmayan vətəndaş bundan sonra saxta əlilliklə digər əlillərin haqqına girməsin.

Digər tərəfdən təklif edirəm ki, Vətən müharibəsi iştirakçılarının əlilliklə bağlı müraciələri üçün ümumi sistemdən istifadə olunmasın, necə ki, cənab Prezident yerli İcra Hakimiyyətlərində sırf bu işlə məşğul olan şöbə yaratdı, indi bu adım digər dövlət strukturu üçün yol xəritəsi olmalıdır, əlilliyi müəyyən edən qurumun da tərkibində bu kateqoriyadan olan vətəndaşlarla ayrıca iş aparılmalıdır. Nəzərə alaq ki, zədə alan, əlilliyin alınmasına ehtiyac duyan müharibə iştirakçıların çoxunun səhhəti, psixoloji durumu yerində deyil, eynii zamanda onlara mənəvi borcumuz var, deməli onlara digər vətəndaşa yanaşılan kimi yanaşılması doğru deyil. Hörmətli sədr, mən bir məqamın da fərqinə varılmasının çox arzu edirəm.

Bilirsiniz, hökuməti də tənqid etmək olar, ayrı-ayrı strukturları da. Amma eyni zamanda, gərək biz əldə etdiklərimizin də fərqində olaq. Biz müharibə aparmış dövlətik. Pandemiya da hələ davam edir, bütün bunlar ciddi xərc tələb edən proseslər olub. SSRİ kimi bir güc müharibədən sonra neçə il ərzində özünə gələ bilmədi. Amma baxın, çox ciddi iqtisadi yüklənməyə baxmayaraq cənab Prezident sosial tədbirlərin səngiməsinə yol vermədi, insan amilini əsas tutdu, indi bu gün vətəndaşın layiqli həyat səviyyəsinin yüksəldilməsi istiqamətində hüquqi bazanın güclənməsi tədbirləri müzakirə edirik.

Budur bizim dövlətin mahiyyəti. Bu mənada vətəndaşlarımızdan xahiş edirəm, müharibənin, pandemiyanın iqtisadi yükünü daşıdığımız bir zamanda, böyük qayıdışın reallaşdığı bir vaxtda fürsət güdən siyasi populizm xarakterli çıxışlara, çağırışlara önəm verməsinlər. Bu günkü müzakirələrimiz, cari qanun layihəsi də sübut edir ki, kimlərin hansı manipulyasiya cəhdlərindən asılı olmayaraq vətəndaşın rifahı dövlətin prioritetidir”.