Bərpa-quruculuq işləri uğurla davam edir

 

Vətən müharibəsinin nəticələri, Ermənistanın Azərbaycana qarşı əsassız torpaq iddiaları ilə başlayan münaqişənin şanlı Qələbə ilə başa çatması göstərdi ki, Prezident İlham Əliyevin Ali Baş Komandan kimi qətiyyəti, siyasətçi kimi iradəsi, diplomat kimi müdrikliyi və humanist davranışı ilə torpaqlarımızın işğaldan azad edilməsinə nail olmaqla xalqı qalib olmaq arzusuna çatdırdı, minlərlə insanın həyatını xilas etdi və eyni zamanda post-konflikt bərpa prosesinin başlanmasına zəmin yaratdı.

18 may 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda mətbuata bəyanatlarla çıxış ediblər. Prezidenti İlham Əliyev çıxışında belə bir fikir səsləndirdi: “Azərbaycan ərazi bütövlüyünü hərbi-siyasi yolla özü bərpa etməli oldu. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistanın qoşunlarının dərhal çıxarılmasını tələb edən qətnamələrini özü icra etməli oldu. Nəhayət, döyüş meydanında və danışıqlar masasında Azərbaycanın ərazi bütövlüyü bərpa olunmuşdur.

İndi isə biz ərazilərin yenidən qurulması və canlandırılması məsələsi ilə üz-üzəyik. Çünki hər şey dağıdılmışdır və yerlə-yeksan edilmişdir. Beynəlxalq ekspertlər azad edilmiş şəhərlərdən biri olan Ağdamı “Qafqazın Hirosiması” adlandırırlar. Lakin Hirosimada olduğu kimi, burada dağıntılar atom bombasına görə olmamışdır, işğal zamanı barbar və vandallar tərəfindən həyata keçirilmişdir. İndi isə yenidən demək istəyirəm ki, biz sülhə sadiqik və ona mümkün ən tez bir zamanda nail olmaq istəyirik”.

Azərbaycan Respublikasının Ermənistanın işğalından azad edilən ərazilərinin bərpası, dayanıqlı inkişafının təmin olunması, milli iqtisadiyyata sürətli inteqrasiyası, orada ən müasir infrastrukturun qurulması, mədəni-tarixi abidələrin bərpası və layiqli yaşayış şəraitinin yaradılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu çərçivədə icra olunan layihələr həmin ərazilərin qısa müddət ərzində sülh və əməkdaşlıq bölgəsinə çevrilməsində və iqtisadi inkişafında mühüm rol oynayacaqdır.

Sözügedən ərazilərdə zəngin resurs və infrastruktur potensialından səmərəli istifadə, dövlət‒özəl sektor tərəfdaşlığı və ən əlverişli biznes mühiti əsasında iqtisadi fəaliyyətin canlandırılması və dayanıqlı məskunlaşmanın təmin olunması ölkənin uzunmüddətli inkişaf prioritetləri ilə vəhdətdə olan tədbirlərlə dəstəklənməlidir.

 

Ölkə başçısının, demək olar ki, bütün çıxışlarında, xarici ölkələrin nümayəndələri ilə görüşlərində də Qa­rabağın bərpası başlıca müzakirə mövzusu olur. Prezident İlham Əliyev bu mövzu­da danışarkən işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən infrast­ruktur layihələri, investisiyaların cəlb olunması barədə məlumat verir. Bildirir ki, həmin ərazilərdə yenidənqurma pro­sesi gedir, qarşıda nəhəng işlər durur və böyük bir ərazi tamamilə yenidən quru­lacaq. Ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış ərazilərin yenidən qurulması ölkədə iqtisadiyyatın qeyri-enerji sektoru­nun, xüsusilə tikinti sahəsinin inkişafına təkan verəcək.

Prezident “ağıllı kənd” konsepsiyası ilə yenidən qurulacaq kəndlərin təməlinin qoyulduğunu, işğaldan azad edilmiş əraziləri “yaşıl zona” elan etdiyini, həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyasından istifadə olunacağını, şəhərlər üçün baş planların hazırlandığı­nı, enerji istehsalı, elektrik enerjisi, hava limanları, avto­magistrallar, dəmir yolları ilə bağlı infrastruktur layihələrinin həyata keçirildiyini qeyd edib.

Hazırda bərpa-quruculuq işləri uğurla davam edir. Təbii ki, bu işləri Azərbaycan öz gücü, öz vəsaiti hesabına həyata ke­çirir. Məqsəd isə işləri mümkün qədər tez bir zamanda başa çatdıraraq, köçkün vətəndaşlarımızı ləyaqətli şəkildə doğma yurdlarına qaytarmaqdır. İnanırıq ki, Prezidentimizin dönməz iradəsi bu prosesi də uğurla başa çatdırmağa imkan verəcək.

 

 

Yusif Cəfərbəyli

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistrı.