Bəzi problemlərin xroniki şəkil alacağı şübhə doğurmur

Dövlətin qarşısında və həll edilməli olan çox ciddi məsələlər var. Yay fəsli yekunlaşır, payızda proseslərin sürətlənəcəyi və bəzi problemlərin isə xroniki şəkil alacağı şübhə doğurmur.

1. NARKOMANİYA VƏ NARKOTİK MADDƏLƏRİN DÖVRİYYƏSİNƏ QARŞI MÜBARİZƏ

2022-ci il bu istiqamətdə mühüm il oldu. Təsirli tədbirlər həyata keçirilsə də, istədiyimiz nəticələri hələ də əldə edə bilməmişik. Narkotik maddələrin dövriyyəsinə qarşı 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramı var. Artıq 4 ili geridə qoyuruq, 1 il müddət qalıb. İndi təhlil etməliyik ki, bu müddət ərzində hansı effektiv işlər görülüb və narkomaniyanı hansı səviyyəyə endirə bilmişik. Statistik rəqəmlər deyil, real mənzərə əsasında yekun hesabat hazırlanmalıdır. Bu müddət ərzində aparılan mübarizə çox mühüm detalı ortaya çıxardı, amma təəssüf ki, bu yöndə davamlı çağırışlarımıza baxmayaraq, heç bir tədbir görülmür:

Cənub sərhədlərimiz möhkəmləndirilməlidir! İranla sərhədlər möhkəmləndirilmədən daxildə apardığımız mübarizə də əhəmiyyətsiz olacaq.

Narkotik maddələrin dövriyyəsinə qarşı mübarizə sahəsində manipulyasiya edən qurumlara ayrılan vəsaitlər dayandırılmalıdır. Məsələn, Narkomanlığa və Narkotik Maddələrin Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının fəaliyyətinə yenidən baxış keçirilməlidir. Bu quruma ayrılan vəsaitlər və fəaliyyət(sizli)i ilə bağlı dəfələrlə analitik materiallarla çıxış etmişəm. Açığı, göstərdiyim problemlərlə bağlı müəyyən nəticələr də çıxarıb fəaliyyətlərində dönüş etmiş olublar və jurnalist kimi bu haqda mənim özümə də məlumat verilib. Amma ənənəvi və klassik üsul – “təbliğat və maarifləndirmə aparılmalıdır”, tezisləri baş aldatmaqdan başqa bir şey deyil. Dövlət Komisiyyası ilə “Bakı Metropoliteni” QSC arasında narkomaniya ilə bağlı sosial çarxların 2024-cü ilin iyul ayınadək metro stansiyalarında nümayiş etdiriləcəyinə dair razılaşma əldə olunub. İndi biz, kimi aldadırıq? Heç şübhəsiz ki, çarxların hazırlanması və metro stansiyalarında nümayişinin iki qurum arasında həll edilən maddi tərəfləri də var. Hansısa tədbir görülmədən öncə onun effektivlik dərəcəsi və nəticələri bəribaşdan hesablanmalıdır. Düşünürəm ki, bukletlər, videoçarxlar, məktəblərdə məhdud çərçivədə keçirilən maarifləndirmə tədbirləri narkotik maddələrin dövriyyəsinə qarşı mübarizədə əhəmiyyətli rol ala bilmir.

2. “TƏRTƏR İŞİ”NİN ƏDALƏTLİ HƏLLİ

Son 10 il ərzində Azərbaycanda 3 dəfə casus əməliyyatlarına başlamışıq. A) 2014-cü ildə ölkədə “FETÖ”çuları axtarırdıq və nəticədə xeyli sayda məmur cəzalandırıldı, işdən çıxarıldı, bir sıra təhsil müəssisələri və media orqanlarının fəaliyyəti dayandırıldı. Amma bir neçə il sonra təbliğat başladı ki, “FETÖ”çu olmaqda ittiham edilən şəxslər əslində günahsızdır, onlar həmin şəbəkənin üzvləri-imamları deyil. Hətta vaxtilə “FETÖ”çuluqda ittiham edilən şəxslər bu gün ciddi mövqelər qazanıblar. Şəksiz, casus-xain həmişə var, amma onları müəyyənləşdirməkdə səhv etməməliyik…

B) 2017-ci ildə isə Ermənistanın casuslarını axtarmağa başladıq. Nəticədə 2000 Azərbaycan hərbçisi “Tərtər cinayət”i adı altında işgəncələrə məruz qaldı. Bir neçəsi öldürüldü, bir qismi həbs edildi. Üstündən 3 il keçəndən sonra bəlli oldu ki, işgəncələrə məruz qalan hərbçilər casus deyilmiş. 2021-ci ilin dekabrında Dövlət Başçısının tapşırığı əsasında, “Tərtər işi”nin ədalətli araşdırılması üçün Baş Prokurorluqda yeni komisisya yaradıldı. Komisisyanın fəaliyyəti nəticəsində onlarla hərbçi bəraət aldı, yüzlərlə hərbçinin hüquqları bərpa olundu və həqiqi sifarişçilərin, cinayətkarların kimlikləri tərəddüdsüz cəmiyyətə təqdim olundu. “Tərtər işi” ciddi narazı elektorat formalaşdırıb, bu problemin ədalətli nəticə ilə yekunlaşdırılması cəmiyyətdəki gərginliyi və inamsızlığı da aradan qaldıra bilər. Odur ki, buna çalışmalıyıq. Bir daha deyirəm, casus-xain həmişə var, amma onları müəyyənləşdirməkdə səhv etməməliyik…

C) 2023-cü ildə isə İrana casuslauqda ittiham olunan xeyli sayda dindar həbs edildi. Ən azı, bu haqda sosial şəbəkələrdə onların ailə üzvləri çıxışlar edirlər. Yəni, bu haqda məlumatlarda da bolluq var. İndi düşünürəm, bir müddət sonra həbs edilən dindarlarla bağlı hansı qərarlar veriləcək? Onların da əksəriyyətinə bəraət veriləcək, yoxsa casusluq əməlləri sübuta yetiriləcək və öz cəzalarını alacaqlar?! “Tərtər işi”indən sonra dindarların həbsinə görə də növbəti narazı elektoratın yaranmaması üçün mümkün olan hər bir addımı atmalıyıq. Növbəti dəfə deyirəm, casus-xain həmişə var, amma onları müəyyənləşdirməkdə səhv etməməliyik…

Son bir neçə ay ərzində ölkədəki siyasi proseslərin təhlili onu deməyə əsas verir ki, dörd bir yandan ölkədə gəriginlik yaratmaq istəyən təcrübəli qüvvələr var. Heç kəsin əlinə şans verməməliyik.

3. ERMƏNİSTANI SÜLHƏ MƏCBURETMƏ

Müşahidələr göstərir ki, Qarabağ ətrafında baş verən hadisələrlə bağlı Azərbaycanın qətiyyətli və haqlı mövqeyi ölkəmizə qarşı təzyiqləri də artırıb. Biz nəyə hazırlaşırdıq? Ermənistanla sülh müqaviləsi imzalamağa! Diqqət ediriksə, Qarabağda yaradılan süni problemlər sülh müqaviləsinin real müzakirəsini arxa plana keçirib. Qarabağda yaşayan ermənilər üçün yardımların alternativ yoldan – Ağdam-Xankəndi yolundan daşınmaması üçün Ermənistan və onun havadarları bütün mümkün təzyiq üsullarından istifadə edirlər. Bu məsələdə Qərb xüsusi canfəşanlıq edir. Əgər həqiqətən də məqsəd ermənilərə yardım etməkdirsə, o zaman Laçın yolundan deyil, yardımları Ağdam-Xankəndi yolundan daşımalıdırlar. Halbuki, bu barədə Azərbaycan, Ermənistan liderləri və Aİ-nin prezidenti Ş.Mişel arasında razılaşma da olmuşdu. Ermənilərin təxribatları isə səngimək bilmir, amma real şərtləri qiymələndirməkdə acizlik edən ermənilər onlar üçün geriyə yolun olmadığını qəbul etmək istəmirlər.

Bu ilin yanvar ayının10-da Prezident İlham Əliyev yerli telekanallara verdiyi müsahibədə Azərbaycanın gələcək inkişafının, tarixi probemlərinin həllinin əsas və korpus konturlarını açıqlamışdı:

– Ordunun gücləndirilməsi

– Daxili sabitlik

– İqtisadiyyatın gücləndirilməsi

– Beynəlxalq müstəvidə Azərbaycanın mövqeyinin gücləndirilməsi

HESAB EDİRƏM Kİ, “Tərtər işi”nin ədalətli nəticələnməsi Orduya olan inamı artırmış olacaq. Bu iş üzrə və dinarların həbsi ilə bağlı ədalətli qərarların verilməsi narazı elektoratın yaranmasını durduracaq və daxili sabitliyi, vəhdəti möhkəmləndirmiş olacaq. Qarabağ ətrafında baş verən hadisələr olduqca mürəkkəb spesifikaya malikdir, amma Azərbaycanın xarici siyasətinin zərgər dəqiqliyi ilə həyata keçirilən istiqamətləri bizim üçün yalnız bir seçim yaradıb: Biz, Qarabağda güclənməliyik, cüzi zəiflik göstərsək, müxtəlif qüvvələr orada güclənməli olacaq. Qarabağ probeminin tarixə qovuşması üçün mümkün olan hər bir addımı atmalıyıq: siyasətin zorla davamı müharibə adlanır. Ermənilər üçün məğlubiyyət, Azərbaycan üçün qalibiyyət yolunda geriyə dönüş yoxdur!