“Bəzi vəkillər var, tam siyasiləşib…”- Deputat

“Vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan, qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərən müstəqil hüquqi təsisatdır. Azərbaycan qanunvericiliyi ilə vəkillərin hüquq bərabərliyinə, onların özünüidarəetməsinə, vəkillər və vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsinə təminat verilir. Eyni zamanda qanunla vəkillərin, vəkil birliklərinin peşəkar fəaliyyətinə hər hansı müdaxiləyə, təzyiqə yol verilmir. Müstəqilliyin təminat elementlərindən biri kimi vəkilliyə qəbul da, vəkillikdən xaric olunma da yalnız qanunla tənzimlənir. Həmçinin “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunla vəkillik fəaliyyətinin həyata keçirilməsinin ümumi qaydaları, o cümlədən vəkil sirri, vəkil etikası kriteriyaları müəyyənləşib.  Lakin vəkil olmaq, yaxud “vəkillik” adı altında siyasi fəaliyyət heç kimi məsuliyyətdən azad etmir, hamı qanun qarşısında bərabərdir. Bərabərlikdən danışan, hüquq müdafiəsi ilə məşğul olan birinin bu reallığı başa düşməsi çətin olmamalıdır. Təəssüf ki, bəzi vəkillər var, tam siyasiləşib, sosial media çirkabı hesabına gündəmdə qalmaq üçün əl atmadığı vasitə yoxdur”.

Bu sözləri  Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Azərbaycanda müxalif fəalları müdafiə edən vəkillərə təzyiq edilməsi barədə iddialara münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, ayrı-ayrı dairələrin, Azərbaycandakı bəzi xarici ölkə səfirliklərinin əlində oyuncağa çevrilən “hüquq müdafiəçiləri” var: “Onlar üçün önəmli olan hüquqlar, azadlıqlar və qanunla qorunan mənafelərin müdafiəsi və yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi yox, prosesləri siyasiləşdirmək, verilən tapşırığa müvafiq olaraq dövləti hədəfə çevirməkdir. Hətta bu istiqamətdə fəaliyyətinə görə mükafatlandırılanlar da var. Belə bir situasiya diqtə etməyə çalışırlar ki, sanki bunlar dələduzluq da edə bilər, müvəkkili aldada, işinə laqeyd yanaşa, insanları ziyana da sala bilərlər, amma heç kim onlara “gözün üstündə qaşın var” deməməlidir… Əlbəttə, bu, yolverilməzdir”.

B.Məhərrəmov deyib ki, vəkilin öz peşə borcunu həyata keçirməsi zamanı qanunların tələblərinin, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunarsa, o, intizam məsuliyyətinə cəlb edilir: “İntizam icraatına başlayan Vəkillər Kollegiyasının Rəyasət Heyəti daha sonra İntizam Komissiyasının rəyi əsasında vəkilə irad tuta, töhmət verə, yaxud vəkilin fəaliyyətini üç aydan bir il müddətinədək dayandıra, habelə ən pis halda Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduqda məsələnin həlli üçün məhkəməyə müraciət edə bilər. Yəni prosedur bundan ibarətdir. Vəkil hüquqi cəhətdən yetkin olan, öz hüquqlarını peşəkar səviyyədə müdafiə etmək imkanına malik, hüquqi instansiyalar, o cümlədən beynəxalq hüquqi müdafiə vasitələrinə çatımlığı olan şəxsdir. Əgər barəsində görülən tədbir, çıxarılan qərar vəkili qane etmirsə, mübahisələndirə bilər. Təəssüf ki, bir sıra hallarda bəzi vəkillər daha qısa və effektiv hesab etdikləri yola – prosesi siyasiləşdirməyə daha çox üstünlük verirlər. Sanki bu şəxs kiminsə vəkili olduğu üçün təzyiqlərə məruz qalır. Bu, absurddur, çünki Azərbaycan hakimiyyətinin bu yöndə siyasi iradəsi çox aydındır. Ölkə Prezidentinin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22 fevral 2018-ci il Sərəncamı ilə dövlət güclü və nüfuzlu vəkillik təsisatının formalaşmasını zərurət kimi müəyyən edir. Hətta nəinki paytaxtda, bütövlükdə regionlarda vəkillərin fəaliyyətinin stimullaşdırılması üçün tədbirlər hazırlamaq Vəkillər Kollegiyasına tövsiyə edilir, Vəkillər Kollegiyasının maddi-texniki təminatı ilə bağlı məsələlərin həlli məqsədilə Nazirlər Kabinetinə müvafiq vəsait ayırması tapşırılmış və bu tapşırıq uğurla icra olunmuşdur. Bu yaxınlarda Kollegiya üçün ayrıca bina da ayrıldı. Yəni dövlətin iradəsi bəllidir, dövlət güclü vəkillik institutunun formalaşmasında maraqlıdır və heç bir vəkilin Kollegiyadan xaric edilməsini arzulamır, lakin kimsə qanunvericiliyin tələbini pozaraq xaric edilmə üçün səbəb yaradıbsa, məsuliyyətini özü daşıyır. Cəmiyyət də bu məsələdə həssas olmalı, siyasi demaqogiyanın kütləyə müstəqil vəkillik kimi sırınmasına, siyasi manipuliyasiyaların peşəkarlığı üstələməsinə imkan verməməliyik”.