Baba Vəziroğlu: “Kim gecə nə düşünür, ağlına gələn sözləri şeiriyyat adıyla quraşdırır”

Musiqi qəlbləri riqqətə gətirəndə insan halda-hala düşür. Ruha sığal çəkən əsrarəngiz melodiyalar mənəvi dünyamızı sakitləşdirir, saflaşdırır. Bəzən isə melodiyanın təsirindən qurtarmaq, onun cəngindən qopmaq olmur. Mahnıda musiqiylə sözlər vəhdət təşkil edəndə mükəmməl sənət nümunəsi yaranır. Amma sənət nümunələrilə yanaşı bərbad mahnılara rast gəlirik. Bu cür “sənət nümunələri” efirlərdə tez-tez səslənməklə zövqlərə qənim kəsilir.

konkret.az əməkdar mədəniyyət xadimi, şair baba Vəziroğlunun məsələyə münasibətini öyrənib.

“Mahnıdan söhbət gedərkən təkcə sözü önə çəkmək məncə yanlışdır. Mahnı ən azı üç komponetdən ibarətdir. Bu melodiya, söz və ifadır. Hələ bura aranjiman sözünü də əlavə edə bilərik. Bunlar hamısı yerində olmalıdır. Böyük şairimiz Ramiz Rövşənin sözlərinə elə mahnı eşitmişəm ki, onun yerinə mən utanmışam. Bu cür gözəl şeiri korlamaqmı, belə ifa etməkmi olar? Ona görə bu üç xətt hamısı yerində olmalıdır. Təbii ki, üzdəniraq mahnılar həmişə yaranıb. Amma bu səviyyədə, belə kütləvilikdə olmayıb. Bu isə yaradıcılıq deyil, sadəcə anarxiyadır, xaosdur. Kim gecə nə düşünür, ağlına gələn sözləri şeiriyyat adıyla quraşdırır.

İrandan, Hindistandan bir melodiya çırpışdırıb evdə necə zümzümə edirsə, eləcə də lentə yazdırır, çox adama da deyir ki, gecə səhərə qədər yatmayıb yeni mahnı yazmışıq. Səhər tezdən isə televiziyanın qapısı açılmamış oranı kəsir və həmin mahnının “bu mənim yeni əsərimdir” adıyla təqdim edir.

Təbii ki, bu azadlığı o evində istifadə etməkdə sərbəstdir. Şeir də yaza, melodiya da səsləndirə, zümzümə də edə bilər. Əgər balalarına, ailəsinə yazığı gəlmirsə, evində də ifa etməkdə sərbəstdir. Amma milyonların qarşısına çıxıb belə düşük şeyləri musiqi əsəri kimi təqdim eləmək fəlakətdir. İnsanların əhvalını, zövqünü korlamaq artıq cinayətdir. Hər şey televiziyadan başlayır. Həmişə təsəvvürümüzdə televiziya müqəddəs məkan olduğundan tamaşaçılar orada səslənənləri ciddi qəbul edir. Əgər bu televiziyada səslənibsə, deməli, qəbul edilir prizmasından yanaşılır.

Nəsillər zədələnir, onların zövqləri korlanır. Bu isə çox böyük fəlakətdir. Üzeyir bəydən, Bülbüldən, Rəşid Behbudovdan, Müslüm Moqamayevdən sonra ixtiyarımız yoxdur ki, mahnı, ifa tullantısına malik olaq.

Biz deməklə düzəlməyəzək. Bunun üçün dövlət proqramı olmalıdır. Bədii şuralar yaradılmalı, bədii keyfiyyətə nəzarət edilməlidir. Hər toyxana və küçədən gələn tör-töküntülər efirə buraxılmamalıdır.

Son vaxtlar aranjiman olunan mahnıların keyfiyyəti cəmiyyətdə birmənalı qarşılanmır. Bəzən klassik mahılarımıza yanaşma qeyri-peşəkar olur. Mahnının ilkin formasıyla sonrakının arasında uyğunsuzluq əmələ gəlir. Klassik əsərlərə yeni yanaşmanın tərəfdarı olan Baba Vəziroğlu məsələyə birmənalı qiymət verməkdə çətinlik çəkdiyini deyir: “Bəxtiyar Vahabzadənin təbirincə desək, “Axı dünya fırlanır”.

Klassik əsərlərə yeni yanaşma həmişə olub. Amma baxır onu kim edir. Cahargah muğamını Niyazi yeniləyib orkesrt üçün işləmişdi. Qara Qarayev simfonik əsərlərini Azərbaycan muğamları əsasında yazmışdı. Bu tamam başqa bir məsələdir. Yüksək sənətkarlıq baxımından bunu həmişə eləmək lazımdır. O zaman Akif İslamzadənin ifasında səslənən, Faiq Sücəddinovun aranjiman etdiyi mahnılar necə uğurlu alınmışdı. Bütün zamanlarda yeni yanaşma olmalıdır. Məsələn, “Küçələrə su səpmişəm” mahnısı müşayiətsiz oxunub. Camaat melodiyasını sadəcə zümzümə eliyib.

Xalq mahnısını da hansısa adını unutduğumuz bəstəkar yazıb. Melodiyanın kanta hissəsinə əl vurmaq olmaz. Təzə alətlər əlavə etmək qəbahət deyil, lap elə ritmi bir balaca dəyişmək də olar. Amma bəstəkarın kantasına toxunmaq  olmaz. O qızıl ortadır. Onun ətrafında dolanmalısan. Onu da yüksək zövqlə və peşəkarlıqla, mahnını korlamadan eləmək lazımdır. Sevda Ələkbərzadənin oxuduğu mahnılar görürsünüz yeni oxu manerasında necə uğurlu alınır. Amma əksəriyyət qədim mahnılarımızı mağar və toyxana “estetikasına” uyğunlaşdırır. Toyda da rtimdən başqa heç nə eşitmirsən. Bilmirsən oxuyan kimdir və mahnı nə mahnıdır