Badamdar bələdiyyə sədrinin milyonluq obyektləri – (FOTO)

Belediyye

Badamdar bələdiyyəsinin sədri Bəybala Hüseynov milyonluq şadlıq evini hansı pulla inşa etdirib?

Bələdiyyə seçkilərinin yaxınlaşması gələcək namizədlərin indidən hərəkətə keçməsinə rəvac verib. Bakı bələdiyyələrinin son illər ərzində fəaliyyəti haqqında raşdırmalarımızı davam etdiririk. Bundan daha əvvəl Biləcəri və Zabrat bələdiyyələrinin fəaliyyəti ilə bağlı araşdırmalarımızı oxucularımızın diqqətinə cəlb etmişdik.
Qeyd edək ki, Azərbaycan Şəhər, Qəsəbə, Kənd Bələdiyyələrinin Milli assosiasiyalarının təşkilatçılığı ilə iyunun 23-də “Kempinski Badamdar” otelində bələdiyyə sədrlərinin III ümumrespublika toplantısında çıxışı zamanı Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bələdiyyələri sərt şəkildə tənqid edib. Akademik Ramiz Mehdiyev bələdiyyələrin yalnız torpaq satmaqla məşğul olduğunu bildirib.
Görünən odur ki, PA rəhbəri bələdiyyə sədrlərini bu tənqid etməklə, həm həqiqi mənzərəni ortaya qoyub, həmçinin də bələdiyyə torpaqlarının satılması və toplanan vergilərin mənimsənilməsi ilə yolu ilə milyonerə çevrilən bələdiyyə sədrlərinə xəbərdarlıq edib. Seçki öncəs Pa rəhbərinin bələdiyyələrin fəaliyyətini sərt tənqid etməsi isə ciddi mesaj olaraq dəyərləndirilməidir.
Onu da qeyd edək ki, seçki öncəsi bələdiyyələrin fəaliyyətini arşdırarkən bələdiyyələrin bir özünüidarətmə qürumu kimi fəaliyyətsiz olduğunun şahidi olduq. Xatırladaq ki, mütamadi olaraq Ədliyyə Nazirliyinin əməkdaşları bələdiyyələrin fəaliyyətini araşdırır. Ədliyyə Nazirliyinin son açıqlamasında bir çox bələdiyyənin fəaliyyətində ciddi nöqsanların olduğunu açıqlanmışdı. Hüquq pozuntuları ilə yanaşı, maliyyə yeyintiləri aşkarlanmış  bələdiyyənin sırasında Badamdar bələdiyyəsi ön sıralarda yer alır. Elə bizim bu gün araşdırdırma obyektimiz də Badamdar bələdiyyəsidir.
Badamdar bələdiyyəsi paytaxtın ən varlı və ən gəlirli bələdiyyələrindən biri hesab olunur. Bu bələdiyyənin qvaranlıq fəaliyyəti ilə bağlı bizə məlumat verən mənbənin sözlərinə görə, Hüseynov Bəybala Qaraş oğlunun sədri olduğu Badamdar bələdiyyəsinin əmlakının qanunsuz istifadə olunması, qanunsuz alqı-satqısının həyata keçirilməsi, mülkiyyətin alqı-satqı prosesində onun düzgün qiymətləndirilməməsi nəticəsində bələdiyyə büdcəsinə külli miqdarda ziyan vurulub.
Eyni zamanda, bələdiyyənin büdcəsində olan maliyyə vəsaitinin düzgün xərclənməməsi və qanunsuz xərclənməsi, bələdiyyə əmlakının onun sədri tərəfindən təkbaşına qərar verməklə xərclənməsi faktlarının mövcudluğu aidiyyəti qurumlarda ciddi narahatlıq doğurur.
İnzibati ərazisi 1000 hektara yaxın olan Badamdar bələdiyyəsinə Bakı Şəhər İcra Hakimiyyətinin 31 avqust 2000-ci il 810 saylı sərəncamı ilə 68,42 ha torpaq sahəsi mülkiyyətə ayrılıb. Lakin torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən dövlət aktının bələdiyyəyə verilmədiyinə görə, yerli orqan onun üzərində hər hansı bir əməliyyat apara bilməz.
XALQ.AZ xəbər verir ki, bu barədə PİA.AZ-a məlumat verən məndə isə iddia edir ki, bələdiyyə sədri Bəybala Hüseynov torpaqların vətəndaşlar tərəfindən zəbt olunduğunu əsas gətirərək, bu torpaqları alqı-satqı qaydasında müvafiq icra hakimiyyəti orqanlarının rəyi olmadan sənədləşdirib. Bir çox hallarda elektrik xəttləri, o cümlədən mühafizə zolaqları altında olan torpaqları alqı-satqı yolu ilə artıq rəsmiləşdirilib. Və maraq doğuran hal odur ki, bu torpaqlar bələdiyyənin cizgi əsasında mülkiyyətinə verilən torpaqlardan xeyli aralıdadır.
Birinci, ikinci və üçüncü yaşayış massivlərində onlarca belə torpaq sahələri var ki, onlar bələdiyyəyə aid olmadığı halda bələdiyyə sədri özbaşına olaraq bu torpaqların alqı-satqısını aparıb. Qeyd edək ki, sənədləşdirilən torpaqların hər biri Nazirlər Kabinetinin təyin etdiyi kadastr qiymətilə rəsmiləşdirilib. Bununla da bələdiyyə mənafeyini üstün tutmayan sədr Bəybala Hüseynov Torpaq Məcəlləsinə, “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Qanuna və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin tövsiyyə məktubu nəzərə alınmayaraq, torpaqları çox ucuz qiymətə rəsmiləşdirib.
Mənbənin sözlərinə görə, torpagın satışını adıçəkilən qanunlara görə, orta bazar qiymətlərilə aparılmalı idi. Yerli əhalinin ehtiyacları nəzərə alınmadan ucdan tutma bütün torpaqları “su qiymətinə” ayrı-ayrı şəxslərə sataraq bələdiyyə büdcəsinə daxil olmalı pulların mənimsənilməsi yolverilməzdir. Bundan əlavə, torpaqlar üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə olmadığına görə, ümumiyyətlə, alqı-satqı əməliyyatların, aparılması yolverilməz sayılır. Bununla da faktiki olaraq əlavə haqq şəklində sədrin külli miqdarda maliyyə vəsaiti mənimsədiyini ehtimal etmək olar.
Həmçinin, çoxmərtəbəlı yaşayış binalarının mühafizə zonalarında qanunsuz olaraq qarajların və fərdi ev tikintisini də deyilənlərə əlavə etsək, onda Badamdar bələdiyyəsində hansı səviyyədə mənimsəmə hallarının olduğunu təsəvvür etmək olar.
PİA.AZ-a daxil olan məlumatda o da göstərilir ki, sədrin təkbaşına verdiyi qərarlarda göstərilir ki, bələdiyyə büdcəsinə torpağın rüsumu ödənildikdən və Bakı Şəhər İcra Hakimiyyətindən rəy alındıqdan sonra özəlləşdirilməyə çıxarılır. Halbuki bu proses tam əksinə getməlidir. Mənbənin iddiasına görə, sənədləşdirilmiş torpaq sahələri ikinci və üçüncü dəfə satışa çıxarılır və bəzi hallarda xarici ölkə vətəndaşlarına satılır.
Mapardığımız araşdırma zamanı əldə etdiyimiz digər bir məlumata görə, Badamdar bələdiyyəsinin sədri Bəybala Hüseynovun qəsəbədə 5 yerdə şadlıq evi var. Onlardan biri “İbrahim” şadlıq evidir ki, o da uşaq bağçanın üstündə inşa edilib. Digəri isə “Bəyoğlu” şadlıq sarayıdır. Adıçəkilən şadlıq evi Badamdar qəsəbəsində düz yol kənarında yerləşir və çox böyük ərazini əhatə edir.
Dünən sözügedən ərazidə olarkən, müşahidə etdik ki, həmin şadlıq sarayı yaşıllıqların qırılması nəticəsində inşa olunub və bura külli miqdarda xərc çəkilib. Sözügedən şadlıq evinin tikilməsi nəticəsində Badamdar qəsəbəsində yaşıllıqların məhvinə yol verilib ki, bu da birbaşa qanun pozuntusudur. Halbuki yaşıllıq olan ərazidə torpaq sahəsi ayrılmazdan öncə Bakı Şəhər İcra Hakimiyyətinə və digər aidiyyəti qurumlara müraciət edilməli, onların da razılığı alınmalı idi. Görünən, odur ki, Badamdar bələdiyyəsinin sədri Bəybala Hüseynov maraqlarını təmin etmək naminə müvafiq qurumlardan razılıq alınmadan “Bəyoğlu” şadlıq sarayının inşasına başlayıb. Odur ki, buna əsaslanaraq, həmin obyektin qeyri-qanuni olduğunu demək olar.
Bey
Bundan başqa, ərazidə olduğumuz zaman qəsəbə sakinlərindən öyrənə bildik ki, bələdiyyə sədrinin Badamdarda daha bir neçə nəhəng obyekti var və onlar Bəybala Hüseynovun yaxın adamlarının adına sənədləşdirilib. Onu da öyrəndik ki, bələdiyyə sədri əlində olan imkanlardan istifadə edərək, həmin şadlıq sarayından bir qədər aralıda nəhəngliyilə göz oxşayan çay evi inşa etdirib. Nəzərinizə çatdıraq ki, həmin çay evi də yaşıllıqların yerində inşa olunub və olduqca böyük ərazini əhatə edir.
Növbəti yazımızda bələdiyyə sədrinin böyük yaşayış kompleksi barədə məlumat verəcəyik. Xatırladaq ki, Bəybala Hüseynov Badamdarda bir neçə belə yaşayış kompleksi inşa etdirir. Bu və digər önəmli məsələlər barədə növbəti yazımızda daha geniş məlumat verəcəyik. Həmçinin bələdiyyə sədri Bəybala Hüseynovun elektrik, neft-qaz və nəqliyyat xətləri altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verməklə kobud qanun pozuntusuna yol verdiyini sübut edən faktları da sizlərə təqdim edəcəyik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…