Bahalaşma olacaq

 

23

Azərbaycan broyler təsərrüfatları Rusiya bazarları üçün işləyəcək

Azərbaycanın iri broyler təsərrüfatları Rusiyaya məhsul satmaq üçün bu ölkənin şirkətləri ilə müqavilə imzalayır. Bu barədə redaksiyamıza daxil olan məlumatda bildirilir. Məlumata görə, Azərbaycanın broyler təsərrüfatlarının məhsullarına ehtiyac duyulması Rusiyaya tətbiq edilən sanksiyalarla bağlıdır.

Bildirilir ki, yaxın vaxtlarda broyler təsərrüatları məhsullarını Rusiyaya ixrac edəcək. Bu isə Azərbaycanda toyuq və toyuq məhsullarının qiymətinə ciddi təsir göstərəcək. “Digər kənd təsərrüfatları məhsulları kimi toyuq və toyuq məhsullarında da əhəmiyyətli dərəcədə bahalaşma müşahidə olunacaq”, – deyə məlumatda vurğulanır.

Qeyd edək ki, Rusiyaya sanksiyalardan sonra Azərbaycanın kənd təsərrüfatı məhsullarının qiyməti artıb. Bu həmin məhsulların Rusiya bazarlarına daşınması ilə izah edilir.

Kənd təsərrüfatı məhsullarının qiymətində baş verən bahalaşma təbii olaraq, cəmiyyəti narahat etməkdədir. Hətta yayda məhsulların bol olduğu dövrdə də qiymətlərin baha olması insanları narazı salıb. Bu baxımdan bahalaşma məsələsi mətbuatda da əsas müzakirə mövzularından biridir.

Qiymətlərin mövsümi amillər, yoxsa süni səbəblərlə əlaqədar bahalaşması barədə ekspert rəyi və rəsmi məlumatlar bir-birini təkzib edir. Xatırladaq ki, bu məqamda deputat Eldar Ibrahimov qiymət bahalaşmasıyla bağlı açıqlamalar verib. O, qiymət bahalaşmasını işə yetərincə nəzarət olunmamasıyla əlaqələndirib və bu məsələdə Iqtisadi Inkişaf Nazirliyi ilə Kənd Təsərrüfatı Nazirliyini ittiham edib.

Deputatın ittihamı ilə əlaqədar Iqtisadi Inkişaf Nazirliyinin də mövqeyini öyrənmək istəsək də, iki gün ərzində Iqtisadi Inkişaf Nazirliyindən telefon zənglərinə cavab verən tapılmadı. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri isə sözügedən məsələ ilə bağlı müvafiq açıqlamanın nazirliyin saytına qoyulduğunu deməklə kifayətləndi. Halbuki həmin açıqlamada Eldar Ibrahimovun ittihamlarına cavabdan söhbət getmir. Həm də sözügedən açıqlama yayılanda heç deputat bu haqda danışmamışdı. Belə olan halda, mətbuat xidmətinin nəyi nəzərdə tutduğu qaranlıq qalır.