Bakı Forumundan dünyaya verilən mesajlar sülhə, tolerantlığa və ədalətə söykənir ŞƏRH

Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu xüsusi əhəmiyyətə malikdir. Hazırda dünyanın bir sıra ölkələrində münaqişələr fonunda siyasi böhranlar baş verir. Bu üzdən təhlükəsizlik və beynəlxalq tədbirlərin keçirilmə məkanlarının seçimi ciddi araşdırma tələb edir. Bu baxımdan Azərbaycanın seçilməsi təbii ki, həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi olmaqla yanaşı, Bakının dünyaya verdiyi önəmli mesajlardır. Bu mesajlar sülhə, tolerantlığa və ədalətə söykənir.

Bunu açıqlamasında Milli Məclisin deputatı Cəbi Quliyev deyib.

O bildirib ki, bir zamanların BMT, ATƏT kimi önəmli beynəlxalq təşkilatlarının qətnamələrinin yerinə yetirilməməsi, çağırışlarına məhəl qoyulmaması yeni təsisatların meydana gəlməsini zəruri edib. Bir sıra siyasi ekspertlər də hesab edir ki, indiki durumda dünyaya daha güclü BMT lazımdır, ya bu qurum olmalıdır ya da sivil münasibətlərin, pozitiv gələcəyin qurulması istiqamətində yeni platformaların fəaliyyəti stimullaşdırılmalıdır.

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun gündəliyinin zənginlini, müxtəlif istiqamətli mövzular ətrafında ciddi fikir mübadiləsinin aparıldığını diqqətə çatdıran deputat əlavə edib: “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Prezident İlham Əliyevin tədbirin açılış mərasimindəki nitqində səsləndirdiyi fikirlər xarici mətbuatın diqqət mərkəzindədir. Xəbərlərdə dövlətimizin başçısının Azərbaycanın mədəniyyətlərarası dialoqa töhfələri və bu baxımdan Forumun əhəmiyyəti, ölkəmizin bölgənin inkişafında rolu, eləcə də regionda sülhün və sabitliyin möhkəmlənməsi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində atdığı addımlar barədə fikirləri xüsusilə diqqət mərkəzində saxlanılıb. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, o cümlədən sərhədlərin delimitasiyası və demarkasiyası işlərinin vasitəçilərin iştirakı olmadan aparılmasına toxunulub. Bir sıra nüfuzlu media orqanlarının yaydığı xəbərlərdə də Azərbaycan Prezidentinin Forumda səsləndirdiyi fikirlərə önəm verilib. TASS dövlətimizin başçısının Avropanın bir neçə ölkəsi tərəfindən həyata keçirilən neokolonializm siyasətinin qarşısının alınmasının vacibliyini vurğulamasına diqqət çəkib. Agentliyin xəbərində qeyd olunub ki, dövlətimizin başçısı Azərbaycan cəmiyyətində sülhün, sabitliyin, həmrəyliyin mədəni müxtəliflik və qarşılıqlı hörmətlə bağlı olduğunu xüsusi vurğulayıb”.