Bakıda Amerika mərkəzi açıldı

56

 

ABŞ-ın Azərbaycandakı səfirliyi əməkdaşlıq etdiyi Azərbaycan Dillər Universiteti ilə birgə Bakı Amerika Mərkəzinin (BAM) əsaslı təmirdən sonra yenidən açılış mərasimini keçirib.

Tədbirdə ABŞ səfirliyinin əməkdaşları, millət vəkilləri, ictimaiyət nümayəndələri iştirak ediblər.

Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili  Səməd Seyidov mərkəzin əhəmiyyətini qeyd edib. Rektor Azərbaycanın ABŞ-la strateji əməkdaşlıq həyata keçirən ölkə olduğunu vurğulayıb.

Onun sözlərinə görə, bu gün Azərbaycan öz mövqeyi, siyasəti, yanaşması ilə bu və digər regiondakı ölkələr üçün nümunə ola bilər.

Millət vəkili Bakı Amerika Mərkəzinin açılmasında Azərbaycan rəhbərliyinin böyük dəstəyi olduğunu əlavə edib:

“Azərbaycan hökumətinin bu mərkəzə göstərdiyi dəstək Azərbaycan və Amerika münasibətlərinin möhkəmlənməsinə kömək edir. Biz ən müasir və öndə gedən mərkəzlərdən birini yaratmışıq”.

ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkilin Derek Hoqan isə bildirib ki, bu mərkəz ABŞ ilə Azərbaycanın çox mühüm və strateji əməkdaşlığının əsas bir komponentidir:

“İki ölkənin vətəndaşları bir-birlərinin mədəniyyətlərini nə qədər dərindən təfsilatı ilə öyrənsələr, o qədər bir- birlrini daha yaxşı başa düşərlər”.

Millət vəkilləri Sevinc Fətəliyeva, Asim Mollazadə də çıxışlarında mərkəzin açılmasını yüksək qiymətləndiriblər.

Qeyd edək ki, yeni simaya malik və üşaqlar üçün yeni yaradılmış güşədə BAM ingilis dilinin tədrisi, ABŞ-da təhsil imkanları, Birləşmiş Ştatların mədəniyyəti və tarixi haqqında mühazirələr daxil olmaqla, geniş çeşidli proqram və xidmətləri təklif edəcək.

Amerika Mərkəzi Bakıda ilk dəfə 2004-cü ildə açılıb, 2007-ci ildən ADU-da yerləşir. Amerika Mərkəzi ingilis dilini öyrənmək və Amerika haqqında məlumat əldə etmək istəyənlərin əsas maraq yeridir. Mərkəzdə ingilis dilini öyrənənlər, Birləşmiş Ştatlarda təhsil imkanları haqqında məlumatı əldə etmək istəyən tələbələr üçün resurslarla zəngin olan, həmçinin ABŞ cəmiyyəti və mədəniyyəti haqqında kitab və dövrü nəşrlərdən ibarət olan Amerika kitabxanası mövcuddur.