Bakıda “avtoş”luq edən qəza törətdi

Qeza-1

Bakının Xətai rayonunda baş verən yol qəzasında iki nəfər xəsarət alıb.

XALQ.AZ-ın məlumatına görə, hadisə Zığ yolu şossesində qeydə alınıb. Sürətlə hərəkət edən “Mercedes” markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində əvvəlcə beton arakəsməyə, sonra işıq dirəyinə çırpılıb. Bu da avtomobilin sürətini azaltmayıb və o, yolun ortasında aşıb.

Qəza nəticəsində avtomobildə olan iki nəfər – 27 yaşlı Əbdürrəhmanov Kənan Cabir oğlu və Rzayev Fəxri Firudin oğlu ağır bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım briqadası tərəfindən 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.

İlkin məlumata görə, qəzaya uğrayan “Mercedes” markalı avtomaşın başqa bir eyni markalı avtomobillə sürət yarışına çıxıbmış. Sürət yüksək olduğundan sürücü idarəetməni itirib və qəza qaçılmaz olub. Digər “Mercedes”in sürücüsü isə ərazidən uzaqlaşıb.
Xətai Rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır.