Bakıda beynəlxalq tədbir öz işinə başlayır

Sabah Bakıda “Avropa və Mərkəzi Asiyada Qida standartlarının təkmilləşdirilməsi və Kodeksin fəaliyyətində iştirakın genişləndirilməsi” mövzusunda beynəlxalq tədbir öz işinə başlayır. Qurumdan  verilən məlumata görə, 15-ə yaxın ölkənin nümayəndələrinin iştirakı ilə baş tutacaq tədbirdə Azərbaycan Respublikasının müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər şəxsləri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Ümumdünya Ticarət Təşkilatı (ÜTT), UNICEF, Avropa Komissiyası, Dünya Bankı və digər nüfuzlu təşkilatların ümumilikdə 60-dan artıq nümayəndəsi iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin birgə təşkilatçılığı ilə paytaxt Bakıda baş tutacaq nüfuzlu beynəlxalq tədbir əlamətdar tarixə təsadüf edir. Belə ki, 2023-cü ildə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 5, Kodeks Alimentarius 60 illik yubileyini qeyd edir. Avropa və Mərkəzi Asiya regionunun Kodeks və qida təhlükəsizliyi sahəsində fəal tərəfdaşları bu əlamətdar ili qeyd etmək məqsədilə ikigünlük yüksək səviyyəli konfransı birlikdə keçirəcəklər.

Beynəlxalq tədbir zamanı qida təhlükəsizliyi standartları diqqət mərkəzində saxlanılacaq, regionda Kodeksdən istifadə və Kodeksdə iştirakla bağlı irəliləyişlər və problemlər müzakirə ediləcək və “Vahid Sağlamlıq” konsepsiyası çərçivəsində qida təhlükəsizliyinin müvafiq aspektləri nəzərdən keçiriləcək.

Əlavə edək ki, “Avropa və Mərkəzi Asiyada Qida standartlarının təkmilləşdirilməsi və Kodeksin fəaliyyətində iştirakın genişləndirilməsi” mövzusunda ikigünlük beynəlxalq tədbir 2023-cü il 14-15 sentyabr tarixlərində təşkil olunacaq.