Bakıda piyadanı öldürən sürücü qaçdı

Olu

Gecə Bakının Səbail rayonunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza Mehdi Hüseyn küçəsində, Milli Məclisin qarşısındakı dairədən üzü İçərişəhər metrosu istiqamətinə gedən yolda qeydə alınıb. Hadisə zamanı yolu keçmək istəyən 59 yaşlı Vəzirxan Xankişiyev avtomobil zərbəsi ilə üzləşib. Qəzadan sonra piyadaya əvvəlcə hadisə şahidləri tərəfindən yardım göstərilib. Yaralı ağır vəziyyətdə hadisə yerinə çağrılan təcili tibbi yardım avtomaşını ilə xəstəxanaya aparılan zaman isə yolda dünyasını dəyişib.

Hadisədən sonra piyanı vuran sürücü idarə etdiyi avtomaşınla birgə ona heç bir yardım göstərmədən qəza baş verən ərazidən qaçıb. Şahidlərin sözlərinə görə, piyadanı vuran avtomaşının arxa dövlət qeydiyyat nişanı olmayıb. Bununa yanaşı qəzanı törədən sürücünün avtomaşının sürətlə idarə etməsi səbəbindən nəqliyyat vasitəsinin ön hisəsindəki qeydiyyat nişanını görmək mümkün olmayıb.

Avtoqəzadan sonra hadisə yerində Səbail rayon polis idarəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb. Hazırda piyadanın ölümünə səbəb olan sürücünün şəxsiyyətinin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdrilir.