Bakıda vəzifəli məmuru biçaqladılar

5

Qadın cinayətkara onu öldürməməsi üçün yalvarıb.

Nizami rayonunda qətlə yetirilən 50 yaşlı Füzuli Haqverdi oğlu İskəndərov uzun müddət Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Arif Qaraşevin müavini vəzifəsində çalışıb.

XALQ.AZ Vesti.Az-a istinadən xəbər verir ki, bu barədə Nizami rayon Polis İdarəsində bildiriblər.

Xəbər verildiyi kimi sentyabr ayının 1-də səhər Füzuli İskəndərov Babək prospektində yerləşən 17 nömrəli evin həyətində, qarajının yanında qətlə yetirilib. Hadisə adıçəkilən rayonun 24-cü polis bölməsinin ərazisində baş verib. Qatil onun boğazını kəsərək öldürüb.

Bununla yanaşı, qətlin digər təfərrüatları da məlum olub. Məlumat verilib ki, qatil maskada olub. O, qurbana 19 bıçaq zərbəsi vurduqdan sonra boğazını kəsib. Bıçaq zərbələrinin sayının çox olması İskəndərovun müqavimət göstərməsindən xəbər verir.

Sonra cinayətkar binanın girişinə yönəlib və İskəndərovun mənzilinə daxil olub. Evdə qətlə yetirilənin həyat yoldaşı olub.

Söhbət zamanı qadın, cinayətkarın ona hücum elədiyini və boğmağa çalışdığını bildirib. Qadın onun maskasını çıxararaq onu öldürməməsi üçün yalvarıb. O, bütün qızılları və pulları verəcəyini deyib. Qadını sağ buraxan cani hadisə yerindən qaçıb.

Xatırladaq ki, avqust ayının 29-da İskəndərov qızına toy edib. İstintaq canini məhz bu səbəbdən evdə külli miqdarda pulun olacağını bildirərək, yönləndirən olduğunu ehtimal edir.

Qeyd edək ki, cinayətkarın görünüşə görə 20-25 yaşlarında biri olduğu bildirilib. Qatilin kimliyi müəyyənləşdirilməyib, bu istiqamətdə hal-hazırda istintaq-əməliyyat qrupu iş aparır.

Fakt üzrə araşdırma davam edir.