Bakıda yaşlı qadını vəhşicəsinə öldürdülər

Arvad

Ötən gün Bakının Xətai rayonunda 75 yaşlı kişi özündən 2 yaş böyük qadını qətlə yetirib. Rayon Prokurorluğundan verilən məlumata görə, 1949-cu il təvəllüdlü Şərbət Hümbət oğlu Məmmədov Neapol küçəsi 21 ünvanında yaşayan 1941-ci il təvəllüdlü Skoroboqatova İrayida İvanovnanı yaşadığı mənzildə xüsusi amansızlıqla öldürüb. O, qadına çoxsaylı bıçaq zərbələri vurub.

Qətl hadisəni törədən Ş.Məmmədov tutulub.

İlkin ehtimala görə, cinayət ahıl yaşlı şəxslərin mübahisəsi zamanı baş verib. Mübahisəyə səbəb isə mənzil olub. Belə ki, Ş.Məmmədov istintaqa verdiyi ifadədə bildirib ki, İrayida Skoroboqatova uzun müddətdir Məmmədovlar ailəsinin himayəsində yaşayıb. O, ömrünün sonunda mənzilini Məmmədovlar ailəsinə verəcəyini vəsiyyət edibmiş. Lakin söhbət zamanı Şərbət Məmmədov düşünüb ki, qadın mənzili başqa birisinə vermək fikrindədir. Bu səbəbdən əsəblərini cilovlaya bilməyib və qadını bıçaqlayıb.

Araşdırmalar zamanı o da məlum olub ki, əslində İrayida Skoroboqatova mənzilini Məmmədovlar ailəsinə vəsiyyət edibmiş.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.