Bakıda zibilxana içərisindəki park

zibillik

Müəmmalı parkda dincəlmək istəyənlər

“Səkkiz ay olar ki, bu park hazırdır. Amma açılmır ki, heç olmasa uşaqlarımız gedib oynasın. Biz neçə illərdir ki, Yod Zavodunun qalıqlarından əziyyət çəkirdik. Buraları təmizləyiblər, amma parkı da açmalıdırlar. Düzdür, ətrafa parkın yaxınlığındakı göldən iy yayılır. Amma neyləmək olar?!”

Bunu Yeni Ramana qəsəbəsinin Əli adlı (soyadını demir – müəllif) sakini bizimlə söhbətində deyir. O, yeni parkda – Bakı Yod Zavodunun Ramana istehsalat sahəsindəki hissəsinin yerindəki “Eco Land” adlı parkda radiasiya olma ehtimalından da danışır. Buna baxmayaraq, uşaqlarını parkda quraşdırılmış yelləncəklərə aparmaq istəyir.

Burada radiasiya fonu digər ərazilərə nisbətən on dəfələrlə artıq olub

Bakı Yod Zavodunun (BYZ) Ramana istehsalat sahəsi fəaliyyətini 1993-cü ildə dayandırıb. Özü də müəssisənin bağlanmasına səbəb burada radiasiya fonunun yüksək olması göstərilib. Müəssisənin fəaliyyəti dayandırılsa da, burada radioaktiv kömür qalıb. Rəsmi açıqlamalara görə, burada radiasiya fonu digər ərazilərə nisbətən on dəfələrlə artıq olub.

Bütün bunlar 2012-2013-cü illərə qədər olub. 2012-ci ildə Fövqəladə Hallar Nazirliyinin (FHN) nəzarəti altında Ramana istahsalat ərazisindən bütün zərərli maddələr çıxarılaraq başqa əraziyə (Pirəşkül qəsəbəsində yaşayış olmayan əraziyə) daşınaraq basdırılıb. Buraya yeni torpaq gətirilib və park salınıb, ağaclar əkilib. Park 8 aydır ki, hazır olsa da, oraya heç kim buraxılmır.

Səkkiz aydır hazır olan parkın açılışı nə vaxt olacaq? Orada insanlar üçün təhlükə varmı?

Onu da qeyd edək ki, parkın yaxınlığında neft mədən sularının, hazırda isə ətrafda yaşayan insanların kanalizasiya sularının axıdıldığı göl var. Göldən ətrafa pis iy yayılır və Dünya Bankının maliyyəsi ilə 2008-ci ildə hazırlanmış “Bakı şəhəri Sabunçu və Suraxanı rayonları ərazilərində radioaktiv tullantılarla və neftlə çirklənmiş torpaqların təmizlənməsi işləri üzrə ətraf mühitə təisirin qiymətləndirilməsi haqqında” hesabata əsasən, gölə neft-mədən suları axıdılıb ki, nəticədə gölün suyunun tərkibində yodun miqdarı – 29-45, bromun – 150-315, naften turşularının miqdarı isə 927mq/l təşkil edir. Bundan başqa, gölün kanalizasiya suları axıdılan tərəfi həm də zibillik kimi istifadə olunub. Bu, ərazidə çəkdiyimiz fotoşəkillərdən də görünür.

Bu yazıda əsasən üç suala aydınlıq gətirməyə çalışacağıq:

1) Hazırda BYZ-nun Ramanı istehsalat sahəsində (hansı ki, orada park salınıb) radiasiya fonu necədir?

2) Yaxınlıqdakı göldən yaxınlıqda yaşayan insanlara və yeni salınmış parkda dincələcək sakinlərə hansısa radiasiya təhlükəsi varmı?

3) Səkkiz aydır hazır olan parkın açılışı nə vaxt olacaq?

Təcrübəsiz şirkətin işləri vaxtından 10 dəfə tez bitirməsi şübhələr yaradır…

BYZ-nin Ramana istehsalat sahəsindəki (həmçinin Suraxanı istehsalat sahəsindəki) bütün təmizlənmə işlərini Fövqəladə Hallar Nazirliyinin nəzarəti ilə yerli şirkət – “EkoLand” MMC həyata keçirib. MMC-nin ecoland.az ünvanında yerləşən rəsmi saytında işin nəyə əsasən bu şirkətə tapşırılması barədə məlumat yoxdur. Təkcə 2012-ci ildə yerləşdirilmiş məlumatdakı bir neçə cümlədən başqa. Həmin cümlələr belədir: “Bu layihənin icrasının beynəlxalq standartlara cavab verməsi üçün AR FHN tərəfindən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) və bir sıra xarici ölkələrin ekspertləri Bakı şəhərinə işgüzar müzakirələrə dəvət olunmuşlar. Onlar yerli mütəxəssislərlə birgə “Texniki tapşırıq” və digər normativ sənədlər hazırlamışlar. Yerli mütəxəssislər də qabaqcıl ölkələrin bu sahədə təcrübəsini öyrənmək üçün müxtəlif xarici ölkələrə ezam olunmuşlar. Qeyd edək ki, keçmiş yod istehsalat sahələri eyni adlı yaşayış məntəqələrinin bilavasitə yaxınlığında yerləşir. Məhz ona görə də yerli əhalinin sağlamlığı və rifahı üçün ciddi təhlükə törətməkdə davam edir. Zavodun texnogen çirklənmiş ümumi istehsalat sahəsi 32,5 ha–dır. Bundan 4,3 ha Ramana, 28,2 ha isə Suraxanı istehsalat sahəsinin payına düşür. Suraxanı istehsalat sahəsi ilə Yeni Suraxanı yaşayış məntəqəsi arasında qalan 9 hektardan artıq ərazi də ciddi çirklənməyə məruz qaldığından, AR FHN onun da reabilitasiya ərazisinə daxil edilməsini məqsədəuyğun hesab etmişdir. Hazırda həmin ərazilərin reabilitasiya prosesi “Texniki tapşırığa” əsasən AR FHN–in müvafiq qurumlarının nəzarəti altında “Ecoland” MMC tərəfindən həyata keçirilir”.

Ümumiyyətlə isə MMC-nin saytında məlumat kasadlığı açıq-aşkar hiss olunur. Məsələn, saytın “Haqqımızda” bölməsində bir dənə də məlumat yoxdur…

“Eco Land” MMC-nin saytından telefon nömrəsini götürüb bu quruma zəng vururuq. Dəfələrlə zəng etdikdən sonra nəhayət cavab verən olur: MMC-nin direktoru Behbud Əhmədov. O, bizimlə söhbətində deyir ki, “Eco Land” parkı Bakı şəhərində sahəsinə görə ikinci ən böyük park olacaq: “Radiasiyalı ərazidə belə bir parkın tikilməsi bir möcüzə idi”.

Lakin B.Əhmədov özü də etriraf edir ki, parkın yaxınlığındakı, daha doğrusu düz dibindəki göl ətrafa radon qazı buraxır və bu, əhalinin sağlamlığına ziyandır: “Amma neyləyək? Onsuz da Bakının əksər yerlərində belə göllər var. Onların sayı 200-dən çoxdur. Buna baxmayaraq biz Bakıda yaşayırıq. “Eco Land” parkının yaxınlığındakı göl “Balaxanıneft”in ərazisinə düşür. Həmin göl və digərləri 2016-cı ilədək Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həmçinin digər qurumlar tərəfindən qurudulacaq”.

B.Əhmədov Yod Zavodunun Ramana istehsalat sahəsində əslində daha çox – beş-altı illik olduğunu deyir və etiraf edir ki, işlər vaxtından təxminən on dəfə tez yekunlaşıb: “Biz bu işləri beş-altı aya bitirdik. Çünki fərqli texnologiya ilə işləyirdik”.

İşin bu qədər tez vaxta bitməsi onun keyfiyyətinə şübhə yaratsa da, B.Əhmədov bunun əksini düşünür: “Biz fərqli texnologiya ilə işlədik”.

Onu da qeyd edək ki, Bakı Yod Zavodunun qalıqlarının Ramana və Suraxanı istehsalat sahəsinin təmizlənməsi işləri “Eco Land” MMC-nin ilk işi olub, yəni, buna qədər şirkətin ümumiyyətlə təcrübəsi olmayıb. Buna baxmayaraq, B.Əhmədov rəhbərlik etdiyi şirkətin Çili, Türkmənistan, Qırğızıstandan, hətta Amerikadan işləməyə dəvət aldığını bildirir: “Şirkətimiz üç ildir yaranıb. Bizim üçün ilk əvvəl vətəndə işləyib yaratmaqdır. Hazırda Neftçala rayonunda işləyirik”.

B.Əhmədov deyir ki, “Eco Land” parkının yaxın vaxtlarda açılması gözlənilir. O, parkın açılışının yubanmasını yaxınlıqdakı göldən gələn iy ilə və göldən gələn radon qazlarının parkda istirahət edəcək insanların səhhətinə zərər vuracağı ilə əlaqələndirmir: “Parka gedəcək əraziyə yol çəkilməlidir. Bu işi Sabunçu rayon İcra Hakimiyyəti həyata keçirəcək. Yol çəkilən kimi parkın açılışı olacaq. Yəqin ki, bu, yaxın vaxtlarda reallaşacaq…”

Hansı qurumlar “Ətraf mühitə dair informasiya almaq haqqında” qanuna əməl etmir?

Bakı Yod Zavodunun Ramana istehsalat sahəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), həmçinin Sabunçu rayon İcra Hakimiyyətinə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstititutuna müraciət edirik, sorğular göndəririk: parkın nə zaman açılacağı, parkın ətrafındakı gölün ora gələcək insanlara zərər vurub-vurmayacağı, hazırda orada radiasiya fonunun hansı səviyyədə olması, hətta görülən işlərə nə qədər vəsait xərclənməsi və s. barədə.

ETSN-dən şifahi şəkildə bildirildi ki, qeyd olunan məsələ ilə bütünlüklə FHN, Radiasiya Problemləri İnstitutu və digər qurumlar məşğul olur. Sabunçu rayon İcra Hakimiyyətindən sorğumuza cavab veriləcəyi bildirildi, lakin sonradan sorğumuza bir kəlmə də olsun cavab verilmədi. FHN-dən də cavab ala bilmədik.

Bunlar isə “Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikasının qanununun 4-cü maddəsinin ( Ətraf mühitə dair informasiya almaq hüququ) pozulması deməkdir. Həmin maddəyə əsasən, alınması məhdudlaşdırılan informasiya istisna edilməklə, hər bir şəxs zamanından asılı olmayaraq və şərt qoyulmadan ətraf mühitə dair informasiya almaq hüququna malikdir.

Azərbaycan Respublikası “Ətraf mühit ilə bağlı məsələlərdə məlumatın əldə edilməsi, ictimaiyyətin qərar qəbul edilməsində iştirakı və ədalət məhkəməsinin açıq keçirilməsi haqqında” BMT-nin Konvensiyasına qoşulub ki, dövlət qurumları sorğulara cavab verməməklə faktiki olaraq BMT Konvensiyasına da əməl etməmiş olur.

AMEA-nın Radiasiya Problemləri İnstitutu isə müraciətimizə cavab verdi. İnstitut direktoru Adil Qəribov bildirdi ki, Yod Zavodunun Ramana istehsalat sahəsində radiasiya fonu normadadır: “Orada bizim tərəfimizdən də müvafiq ölçmə işləri olub. Tamamilə Abşeron yarımadasına uyğun radiasiya fonu var: 6-7 mikrorentgen/saat. Bizdən başqa, ora MAQATE-nin (Beynılxalq Atom Enerjisi Təşkilatı) ekspertləri də çağırıb və yoxlayıb. Bizim nəticələrlə onların nəticələri üst-üstə düşdü”.

Mövzunu şərh etmək üçün Beynəlxalq Sosial Ekoloji Birliyin üzvü, ekologiya və enerji sahəsi üzrə ekspert Şamil Mövsumova da müraciət etdik. O isə bildirdi ki, mövzunu şərh etmək üçün ərazidə və göldə monitorinq aparılmalı və monitorinqin nəticələrinə görə suala cavab vermək olar.

Sonda…

Bu yazını hazırlayarkən yazının əvvəlində adını çəkdiyimiz sənədlə – Dünya Bankının maliyyəsi ilə hazırlanmış “Bakı şəhəri Sabunçu və Suraxanı rayonları ərazilərində radioaktiv tullantılarla və neftlə çirklənmiş torpaqların təmizlənməsi işləri üzrə ətraf mühitə təisirin qiymətləndirilməsi haqqında” hesabatla da tanış olduq. Hesabatda deyilir: “…BYZ-nun Ramanı və Suraxanı istehsalat sahələri eyni adlı yaşayış məntəqələrinin bilavasitə yaxınlığında yerləşir ki, bu da yerli əhalinin sağlamlığı və rifahı üçün ciddi təhlükə törədir…”

Təkcə bu fakt BYZ ilə bağlı məsələnin nə qədər ciddi olduğunu göstərir. Düzdür, artıq həmin ərazilərdə istehsalat sahələri ləğv edilib – təqdirəlayiqdir. Bu işlərin nə qədər şəffaf aparılması da başqa söhbətin mövzusudur. Biz isə bu məqalədə yazının əvvəlində qoyduğumuz üç suala cavab axtarırdıq. Həmin sualları bir daha xatırladaq:

1) Hazırda BYZ-nun Ramanı istehsalat sahəsində (hansı ki, orada park salınıb) radiasiya fonu necədir?

2) Yaxınlıqdakı göldən (gölün suyunun tərkibində yodun miqdarı – 29-45, bromun – 150-315, naften turşularının miqdarı isə 927mq/l təşkil edir) yaxınlıqda yaşayan insanlara və yeni salınmış parkda dincələcək sakinlərə hansısa radiasiya təhlükəsi varmı?

3) Səkkiz aydır hazır olan parkın açılışı nə vaxt olacaq?

Bu suallardan birinciyə qismən də olsa cavab ala bildik. Üçüncü sualın cavabı isə qaneedici deyil, yəni parkın nə vaxt açılacağı ilə bağlı qeyri-müəyyənlik var. İkinci suala isə demək olar ki, cavab ala bilmədik. Bəlkə də üçüncü sualın da cavabı ikincidədir: göl insanlar üçün təhlükəsiz vəziyyətə gətirilərsə, park da asanlıqla açıla bilər, hətta ora yol çəkilməsə belə.

Amma yazının əvvəlində adını çəkdiyimiz Əli adlı Yeni Ramana sakinini daha çox parkın nə vaxt açılacağı maraqlandırır ki, uşağını haqqında demək olar heç nə bilmədiyi müəmmalı “Eco Land” adlı parka aparsın.Qafqazinfo.az