“Bakının Türkiyənin bu görüşdə iştirakı ilə bağlı təklifi olduqca konstruktiv təklif idi” – Deputat

“Azərbaycan haqlı olaraq İspaniyanın Qranada şəhərində oktyabrın 5-nə planlaşdırılan beştərəfli görüşdən imtina etdi. Çünki Bakının Türkiyənin bu görüşdə iştirakı ilə bağlı təklifi olduqca konstruktiv təklif idi. Fransa radikal ermənipərəst mövqeyilə danışıqlar masasında yer alırsa, bu müzakirələrə qatılmaq Türkiyənin də haqqıdır. Azərbaycana təklif olunan Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı, yəni beşli format isə anti-Azərbaycan platformasıdır”. Bu sözlər  millət vəkili Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, sentyabrın 19-da reallaşan lokal xarakterli antiterror tədbirlərindən sonra Fransa rəsmilərinin radikal ermənipərəst bəyanatları, Ermənistanın silahlandırılmasına dair istəklərin intensivləşməsi, eyni zamanda Aİ Şurasının Prezidenti Şarl Mişelin Bakını ittiham edən açıqlaması təbii ki, Azərbaycanın haqlı narazılığına səbəb oldu: “Radikal və qəzərli 4-lüklə bir masada əyləşməyə ehtiyac qalmır. Fransa və Almaniyanın Cənubi Qafqazdakı vəziyyətə dair müzakirələrə müdaxilə etməsi ümumiyyətlə, qəbuledilməzdir.

Rəsmi Bakı Brüssel formatının əleyhinə deyil. Bu vaxta qədər üçlü formatda aparılan danışıqlarda pozitiv dinamika müşahidə olunub və Azərbaycan tərəfi bu görüşləri müsbət və nəticəyönümlü hesab edib. Amma Aİ-nin son dövrlər qərəzli mövqe sərgiləməsi təəssüf doğurur. Rəsmi Bakının öz suveren hüquqlarını təmin etməsinə qarşı çıxanların cavabı bundan sonra da layiqincə veriləcək”.

Deputat sözlərinə davam edərək bildirib ki, Fransanın iştirak etdiyi istənilən platforma Azərbaycanın maraqlarına uyğun deyil: “Rəsmi Bakı hər zaman bəyan edib ki, biz danışıqlar naminə danışıqlar aparmaq niyyətində deyilik. Qranada görüşündən imtina “Sülh danışıqları” adı altında öz siyasi məqsədləri naminə spekulyasiyanın qarşısını aldı. Heç kim Azərbaycanla diktə dilində danışa bilməz. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Ermənistan və onun arxasında duran riyakar ölkələr yaxşı bilməlidirlər ki, bizə qarşı heç bir çirkin plan həyata keçməyəcək”.