Baş nazir sərəncam imzaladı

Baş nazir Novruz Məmmədov sərəncam imzalayıb.

XALQ.AZ xəbər verir ki, Baş nazir Novruz Məmmədov “2019-cu il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların say bölgüsü”nün təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncam Prezident İlham Əliyevin “Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” 2018-ci il 26 noyabr tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə verilib.

Baş nazirin imzaladığı sərəncama əsasən, “2019-cu il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların say bölgüsü” təsdiq edilib. Sənəd məxfidir, ictimaiyyət üçün açıqlanmır.

Sərəncama əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və n Maliyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına 2019-cu il yanvarın 1-dən 30-dək Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılmasının təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri həyata keçirmək tapşırılıb.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Orxan