Baş prokuror quldurluğa görə tutulub

77

 

Gürcüstanın baş prokuroru Otar Partsxaladze keçmişdə quldurluq etdiyinə görə mühakimə olunub. Modern.az saytı Gürcüstan KİV-nə istinadən bildirir ki, bu bəyanatla Tbilisi meri vəzifəsindən uzaqlaşdırılan Qiqi Uqulava çıxış edib. Onun verdiyi məlumata görə, Partsxaladzenin məhkəməsi 2011-ci ildə Almaniyada keçirilib. O, quldurluq və oğurluqda təqsirləndirilərək 1 il 1 ay şərti azadlıqdan məhrum edilib. Bundan əlavə, Uqulava deyib ki, məhz bu səbəbdən Partsxaradze 2016-cı ilə qədər vəzifə tutmaqdan da məhrum edilib. Keçmiş mer bununla bağlı ədliyyə nazirini Partsxaradzenin işini Almaniyadan istəməyə və vəzifədən uzaqlaşdırılmağa çağırıb. Gürcüstanın Ədliyyə Nazirliyi və prokurorluğu hələ ki bu bəyanatı şərh etməyiblər.

Otar Partsxaradze baş prokuror vəzifəsinə bu il oktyabrın 27-də keçirilən prezident seçkilərindən sonra təyin olunub. O, əvvəllər bir neçə ay Maliyyə Nazirliyinin baş istintaq idarəsinin rəhbəri işləyib. Qiqi Uqulava isə hazırda külli miqdarda dövlət vəsaitini xərcləmə ittihamı ilə istintaq altındadır. Dekabrın 21-də Tbilisi şəhər məhkəməsi onun vəzifəsindən azad edilməsi haqda qərar verib.