Baş Prokurorluq vətəndaşların sualların cavablandırıb

Azərbaycan Respublikasının Baş Prokurorluğu vətəndaşlar tərəfindən ən çox verilən beş sualı və onların cavablarını açıqlayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən XALQ.AZ-a bildiriblər ki, suallardan biri prokurorluğa işə qəbulun hansı qaydada həyata keçirilməsi və namizədlər üçün tələblərlə bağlı olub.

Bu sualın cavabında qeyd edilib ki, prokurorluğa işə qəbul üç mərhələli (test imtahanı, yazılı imtahan və müsahibə) müsabiqə və müsahibə qaydasında həyata keçirilir. Prokurorluğa işə qəbul olmaq istəyən namizədlər üçün tələblər aşağıdakılardan ibarətdir:

Prokuror, prokurorluğun müstəntiqi və əməliyyatçısı ali hüquq təhsilli, seçkilərdə iştirak etmək hüququna, prokuror, müstəntiq və ya əməliyyatçı vəzifələrinin yerinə yetirilməsi üçün zəruri peşə keyfiyyətlərinə malik və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən Azərbaycan vətəndaşları ola bilər.

Hazırda vətəndaş qəbulunun həyata keçirilməsi qaydaları ilə bağlı vətəndaşların sualına cavab olaraq bildirilib ki, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, müvafiq qurumların fəaliyyətinin tənzimlənməsi məqsədilə Nazirlər Kabineti tərəfindən xüsusi rejimdə iş normalarına dair verilmiş təlimata uyğun olaraq prokurorluq orqanlarında vətəndaşların qəbulu yaşayış yeri üzrə müvafiq ərazidə yerləşən rayon prokurorluğuna yaxınlaşaraq orada onlayn qaydada yuxarı prokurorun qəbulunda iştirak edə bilər.

“Baş Prokurorluğun “qaynar xətti” varmı və necə əlaqə saxlanılmalıdır?” sualına cavabda diqqətə çatdırılıb ki, Baş Prokurorluğun 961 nömrəli Çağrı Mərkəzinə və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 161 saylı qaynar xətt əlaqə mərkəzi istirahət və bayram günləri daxil olmaqla, günün 24 saatı ərzində fəaliyyət göstərir. Daxil olan məlumat və müraciətlər zəruri tədbirlərin görülməsi məqsədilə dərhal aidiyyəti üzrə Baş Prokurorluğun idarə və şöbələrinə çatdırılır.

“Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi hansı növ müraciətlər üzrə araşdırma aparır və həmin struktur quruma hansı qaydada müraciət edilməlidir?” sualına cavabda bildirilib ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər barədə müraciətlər üzrə araşdırma aparılır. Vətəndaşlar Baş İdarəyə 161 saylı qaynar xətt əlaqə mərkəzi vasitəsilə birbaşa müraciət edə bilər və ya poçt vasitəsilə məktub ünlanlaya bilərlər.

“Vətəndaşlar hansı qaydada prokurorluğa müraciət edə bilər?” sualı ilə əlaqədar məlumat verilib ki, Baş Prokurorluğun 961 nömrəli Çağrı Mərkəzi və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində 161 – qaynar xətt əlaqə mərkəzi vasitəsilə, eləcə də poçt vasitəsilə məktub ünvanlamaqla, o cümlədən https://genprosecutor.gov.az saytına daxil olmaqla və ya mobil vətəndaş müraciəti mobil tətbiqetməsi vasitəsilə müraciət edə bilərlər.