Baş Prokurorluqda müşavirə keçirilib

52
Bu gün Baş Prokurorluqda prokurorluq orqanları tərəfindən 2014-cü ilin birinci yarısında görülmüş işlərin vəziyyəti və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib. Baş Pokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat müşavirəsində məruzə ilə çıxış edən Baş prokuror Zakir Qaralov bildirib ki, Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi, beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi Azərbaycanda həyata keçirilən sürətli sosial-iqtisadi inkişafın, vətəndaşların sosial rifahının ilbəil daha da yaxşılaşmasının, beynəlxalq standartlara uyğun müasir dövlətin və vətəndaş cəmiyyətinin qurulması zəminində reallaşdırılan, beynəlxalq sülhün və təhlükəsizliyin saxlanmasına və möhkəmlənməsinə nail olmağa yönəlmiş xarici siyasətin nəticəsində mümkün olub.
Müşavirədə dövlət başçısı İlham Əliyevin  siyasi iradəsinə müvafiq olaraq korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən təşkilati və institusional tədbirlərin məntiqi nəticəsi olaraq Azərbaycan Hökuməti və Avropa Şurası tərəfindən Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu və Beynəlxalq Antikorrupsiya Akademiyasının iştirakçılığı ilə cari ilin 30 iyun – 01 iyul tarixlərində Bakıda keçirilən yüksək səviyyəli beynəlxalq konfransın əhəmiyyəti xüsusi vurğulanıb.
Hesabat dövründə mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürü kimi korrupsiyaya qarşı kəsərli və yüksələn xətlə həyata keçirilən mübarizənin təşkili məsələsinin Azərbaycan Prokurorluğunun qarşısında duran mühüm vəzifələrdən biri olduğu qeyd edilib. Ölkə səviyyəsində həyata keçirilən tədbirlər nəticəsində fəaliyyəti daha da müasirləşdirilən, ixtisaslaşmış cinayət təqibi orqanı kimi səlahiyyətləri, ştat tərkibi artırılmaqla strukturu təkmilləşdirilən Baş prokuror yanında Korrupsiyaya qarşı  Mübarizə Baş İdarəsinin fəaliyyəti daha səmərəli və çevik olmuş, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində idarə tərəfindən konkret zəruri tədbirlər həyata keçirilib. 2014-cü ilin birinci yarımilində idarə tərəfindən vətəndaşların 1.603 müraciətinə baxılmış, həmçinin 169 cinayət xarakterli material araşdırılıb. Həmin materialların 53%-i üzrə cinayət işi başlanıb. 2014-cü ilin I yarımili ərzində idarə tərəfindən 147 şəxs barəsində 103 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
Müşavirədə Baş Prokurorluğun əlaqədar struktur qurumlarına, ilk növbədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsi, bu neqativ təzahürlərin qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsi barədə tapşırıqlar verilib.
Hesabat dövründə xidməti, icra və əmək intizamının pozuntusu hallarına qarşı, işində və xidmətdən kənar fəaliyyətində qanunsuzluqlara münasibətdə prinsipial mübarizə xətti davam etdirilib, müxtəlif pozuntulara  yol verdiklərinə görə 11 (2013-cü ilin müvafiq dövründə 17) əməkdaş şiddətli töhmət, töhmət və irad növündə intizam məsuliyyətinə cəlb ediliblər.
Baş prokurorun hesabat məruzəsində görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil və ciddi tənqid olunmaqla, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş zərərin ödənilməsi, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilində yol verilən çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması üçün konkret tapşırıqlar verilib.
Xüsusi qeyd edilib ki, prokurorluq orqanlarında informasiya kommunikasiya texnologiyalarının, o cümlədən “Elektron Sənəd Dövriyyəsi” və “Elektron Cinayət” İnformasiya proqramlarının tam fəaliyyət göstərməsi, bu sahədə həyata keçirilən işin səmərəliliyinin artırılması təmin olunsun.
Müşavirədə 2014-cü ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizənin, istintaq işinin və ibtidai araşdırmaya prosessual rəhbərliyin təşkili, cinayət təqibi çərçivəsində insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində prokurorluq orqanları tərəfindən görülmüş işlər və bu məsələnin bölgə müşavirələrində müzakirəsinin nəticələri barədə Baş prokurorun birinci müavini Rüstəm Usubovun, Baş Prokurorluğun 2014-cü il iş planının icrası və ikinci yarımilin iş planı barədə Təşkilat-analitik idarəsinin rəisi Müqəddəs Sultanovun, prokurorluq orqanlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələr barədə Hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynovun məlumatları dinlənilib.