“Belə qərarın qəbul edilməsi həm də insanları bu kimi zərərli vərdişlərdən çəkindirmək üçündür” – Ceyhun Məmmədov

Ötən gündən etibarən Azərbaycanda bütün siqaretlərin qiyməti bahalaşıb. Qiymət artımı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Siqaret aludəçiləri bahalaşmaya etirazlarını bildirsələr də, zərərli vərdişlərdən uzaq olanlar belə bir addımın atılmasını müsbət qarşılayıblar. Onların fikrincə, qiymətlərin artımı siqaret çəkənlərin sayının azalmasına gətirib çıxara bilər.

Bundan əlavə, son vaxtlar bəzi xanımların tütün məmulatlarına aludə olması cəmiyyətdə heç də birmənalı qarşılanmır və bu, Azərbaycan qadınına yaraşmayan hərəkət kimi qiymətləndirilir.

Bəs deputatların buna reaksiyası necədir?

Məsələ ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, siqaretdən istifadəni azaltmaq üçün dünyanın bir çox ölkələrində müəyyən addımlar atılır:

“Düşünürəm ki, Azərbaycan dünyada ən çox siqaretin istehlak edildiyi ölkələrdən biridir. Təəssüf ki, son vaxtlar bu məsələ qadınlar arasında sürətlə artmaqdadır. Düşünürəm ki, belə qərarın qəbul edilməsi həm də insanları bu kimi zərərli vərdişlərdən çəkindirmək üçündür. Eyni zamanda biz dünyada sürətlə inflyasiyanın getdiyini nəzərə almalıyıq. Dünyanın əksər ölkələrində qiymətlər artır. Əsas məqsəd insanları zərərli vərdişlərdən çəkindirməkdir. Bunun başqa, iqtisadi tərəfləri varsa, düşünürəm ki, buna daha çox istehlakçılar aydınlıq gətiə bilərlər. Məni narahat edən insanların zərəli vərdişlərə meyil göstərməsidir. Xüsusilə də, qızların buna maraq göstərməsidir. Biz daha çox maarifləndirmə, təbliğat işləri aparmalıyıq ki, insanları bu kimi zərərli vərdişlərdən çəkindirə bilək”.

Deputat Naqif Həmzəyev isə vurğulayıb ki, qiymətin artması siqaret çəkənlərin sayına nisbətən təsir göstərəcək:

“Siqaretin qiymətinin artırılması bu zərərli vərdişin daşıyıcılarının sayına az təsir göstərir. Əgər biz həqiqətən də, siqaret çəkənlərin sayının azalmasını istəyiriksə, ilk növbədə maarifləndirmə işini gücləndirməliyik. Daha sonra siqareti tərgitmək istəyən vətəndaşlara tibbi yardım göstərilməsi ilə əlaqədar xüsusi proqram həyata keçirməliyik. Bu proqram işlək olmalıdır. Vətəndaşlar proqrama üz tutaraq siqareti tərgitməlidir. Mən nümunə kimi, Türkiyəni göstərə bilərəm. Türkiyədə belə bir proqram uzun illərdir ki, həyata keçirilir. Çox yaxşı da nəticələr əldə ediblər”.

N.Həmzəyevin fikrincə, elektron siqaret məsələsinə də ciddi yanaşılmalıdır:

“Elektron siqaret məsələsinə də əncam çəkilməlidir. Təəssüf ki, bu gün siqaretdən də təhlükəli olan elektron siqaretlər gənclər, xüsusilə qadınlar arasında geniş yayılmaqdadır. Biz daha çox elektron siqaretə üz tutan, bu növ siqaretdən istifadə edərək sanki daha az zərər görürmüş kimi düşünən gənclərimizi görürük. Bu çox yanlış təbliğat və marketinqdir. Daha doğrusu, elektron siqaret çəkilməsi üçün irəli atılmış yalan məlumatdır. Əslində, biz insanlarımızın səhhətinə daha çox ziyan vururuq. Bizdə qanun qəbul edildi ki, qapalı məkanlarda siqaret çəkilməsi qadağan edilsin. Ancaq buna nəzarət olunmur. Kim harada, necə gəldi siqaret çəkir. Nəticə etibarilə qəbul olunmuş qanunun icra edilməsinə doğru-düzgün nəzarət olmadığının şahidi oluruq. Siqaretlə və digər zərərli vərdişlərlə bağlı məsələ ürəkaçan deyil. Siqaretin qiymətinin artırılması nisbətən bu məsələyə təsir edəcək. Lakin problemi kökündən həll etməliyik. Bu məsələni həll etmək istəyiriksə, aidiyyəti qurumlar sistemli şəkildə işləməlidir”.