Beynəlxalq Ədalət Məhkəməsinin mövqeyi Azərbaycanın haqq işinin göstəricisidir

BMT-nin ali ədliyyə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycan və Ermənistanın şikayətləri barədə qərarından danışarkən ilk olaraq vurğulanmalıdır ki, bu məhkəmə aktı mahiyyəti üzrə yekun yox, müvəqqəti qərardır. Daha doğrusu, bizim Mülki Prosessual Məcəllənin 13-cü Fəslində əks olunan müvəqqəti təminat tədbirinin xarakterinə və məqsədinə uyğun məhkəmə aktı olmaqla mahiyyəti üzrə ədalətli qərarın çıxarılmasına xidmət edir. Bir sözlə, mahiyyət üzrə qərara qədər bizi hələ hüquq müstəvisində uzun bir yol gözləyir. O zaman başqa bir sual çıxır, əgər mahiyyəti üzrə həlledici əhəmiyyətə malik deyilsə, bu qərardad niyə bizim üçün əhəmiyyətlidir? Hesab edirəm ki, hazırda əsas müzakirə predmetimiz məhz bu məsələ olmalıdır.

Hazırkı qərarın (qərardad) mahiyyətinə diqqət etsək, BƏM-in (İCJ) bu qərardadla 3 istiqamətdə öhdəlik yaratdığını görərik.

1. Ermənistan üçün

2. Azərbaycan üçün

3. Həm Ermənistan, həm də Azərbaycan üçün

Məhkəmənin qərarında bizim üçün ən vacib məqamlardan biri, heç şübhəsiz ki, Ermənistan tərəfindən qaldırılan, “saxlanılan erməni əsilli şəxslərin dərhal azadlığa buraxılması”, habelə, “Bakıdakı Hərbi Qənimətlər Parkının dərhal bağlanmasına dair” vəsatətlərin yekdilliklə rədd edilməsidir. Bu hər şeydən öncə ona görə vacibdir ki, Ermənistanın məhkəməyə müraciətinin kökündə dayanan arqumentlərindən ən zərurilərindən ikisi məhz bu məsələlər idi ki, məhkəmə də müvəqqəti xarakterli təminat qərarında artıq mövqeyini müəyyən mənada ifadə etməklə İrəvanın sübut bazasının qiymətləndirilməsi üçün əsas meyarlar olan sübutların “mötəbərlik” və “mümkünlüyünə” ciddi zərbə vurdu. Yəni, yaxın gələcəkdə mahiyyəti üzrə qərar çıxararkən bu məsələlərə istinad ediləcəyi ehtimalı demək olar ki, sıfıra bərabərdir.

İkincisi, müvəqqəti təminat tədbirinin çıxarılması tələbinin vacib epizodu kimi, saxlanılan “erməni əsilli şəxslərin dərhal azadlığa buraxılması barədə” qərarda ifadə olunan “2020-ci il münaqişəsi zamanı əsir götürülən və həbsdə qalan bütün şəxslərin zorakılıqdan müdafiəsi, onların təhlükəsizliyi və qanun qarşısında bərabərliyi təmin edilməlidir” tələbi Azərbaycanın maraqlarına tam mənada cavab verir. Birinci, ona görə ki, məhkəmə Azərbaycanın ötən bir il ərzində beynəlxalq humanitar hüquqa istinadən israr etdiyi mövqeyə uyğun olaraq, “əsir” dedikdə yalnız münaqişə zamanı saxlanılanları nəzərdə tutur. Bu özlüyündə İrəvanın “hərbi əsir” demarşının fiaskosu deməkdir. Digər tərəfdən, BƏM (İCJ) “2020-ci il münaqişəsi zamanı” ifadəsi işlətməklə bəzi qərb dairələrində iddia olunanın əksinə, münaqişənin artıq başa çatdığını məhkəmə aktında təsbit edir.

Başqa mühüm məqam, Azərbaycanın vəsatəti əsasında məhkəmənin Ermənistandan öz sərhədləri daxilində fərdlər və təşkilatlar tərəfindən irqi ayrı-seçkiliyi qadağan etməyi tələb etməsi ilə bağlıdır. Bununla da məhkəmə İrəvan üzərinə pozitiv öhdəlik qoyaraq bu ölkədə hazırda irqi ayrı-seçkiliyin mövcud olmasını tanıyıb. Əlbəttə, arqument sürülə bilər ki, məhkəmə eyni zamanda Azərbaycandan irqi ayrı-seçkiliyin qarşısını almaq üçün tədbirlər görməsini tələb edib. Bəli, bu ilkin baxışda belədir, lakin, tələblərin məzmununa diqqət etməklə fərqi aydın görə bilərik. Məhkəmə müharibədən çıxmış bir ölkə kimi, Azərbaycandan mümkün irqi ayrı-seçkiliyin qarşısını almaq üçün tədbirlər görməsini, Ermənistandan isə artıq mövcud olan bu problemi qadağan etməsini tələb edir ki, bununla da XİN-in məsələyə dair bəyanatında da ifadə olunduğu kimi Beynəlxalq Konvensiyalarla üzərinə götürdüyü öhdəliklərə sadiq olan Azərbaycandan fərqli olaraq Ermənistan həm də irqi ayrı-seçkiliyin mövcud olduğu dövlət kimi təsbit olunur.

Məhkəmə qərarında (qərardadında) Azərbaycana və eləcə də Azərbaycan və Ermənistana münasibətdə müəyyən edilən birgə öhdəliklərə gəlincə, hesab edirəm ki, bu məsələdə siyasi mövqeyimizi gücləndirmək üçün potensial məqamlar olmasına mütləq diqqət yetirilməlidir. Əvvəlcə, məhkəmənin Ermənistanın iddialarına uyğun olaraq təmin etdiyi müvəqqəti öhdəliklərin mahiyyətinə diqqət etsək aydın formada görərik ki, Azərbaycanın milli maraqları və beynəlxalq nüfuzu ziddinə heç bir öhdəlik yoxdur və təsadüfi deyil ki, elə qərardad elan edilən gün Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq çox konstruktiv formada razılığını ifadə etdi. Məsələn, öhdəliklərdə hər iki tərəfdən ziddiyyətləri dərinləşdirə və ya mürrəkkəbləşdirə, mübahisənin həllini çətinləşdirə biləcək hərəkətlərdən çəkinmək, irqi zəmində nifrətin qızışdırılmasına yol verməmək kimi tələblər müəyyən edib ki, zatən, bu Azərbaycanın özünün müdafiə etdiyi yanaşmadır və şəxsən Prezident İlham Əliyev dəfələrlə bu məsələni şəxsən gündəmə gətirib.

Digər məqam, “2020-ci il münaqişəsi zamanı əsir götürülən və həbsdə qalan bütün şəxslərin zorakılıqdan müdafiəsi, onların təhlükəsizliyi və qanun qarşısında bərabərliyinin təmin edilməsinə dair” Azərbaycan üzərinə qoyulan öhdəliyə gəlincə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 9-36-cı maddələrində cinayət mühakimə icraatının əsas prinsipləri və şərtlərinin təyinatı müəyyən olunarkən, onsuz da bu kimi məqamlar icraatının vəzifələri, əsas prinsipləri və şərtlərinin prioritetləri kimi müəyyən edilib. Yəni, məhkəmənin bu istiqamətdə tələbinin olub-olmamasından asılı olmayaraq Azərbaycanın cinayət mühakimə icraatında bu məsələlər nizamlanır və təcrübədə də tətbiqinə ciddi əməl olunur, eyni zamanda əməl olunmasına nəzarət üçün də ciddi mexanizmlər mövcuddur.

Bundan başqa, məhkəmənin “erməni mədəni irsinə qarşı vandalizm aktlarının qarşısını almaq üçün bütün lazımi tədbirləri görülməlidir” məzmunlu mövqeyinə gəlincə, aydındır ki, Azərbaycan ərazisində erməni mədəni irsi Türkmənçay müqaviləsindən sonrakı təqribən 200 illik bir dövrü əhatələyir ki, Azərbaycan multikultural bir dövlət olaraq ərazisindəki bütün milli, dini kimliklərə, onların qədimliyindən asılı olmayaraq bütün maddi-mənəvi, mədəni nümunələrinə sayğı ilə yanaşaraq qoruyur. Hətta, Bakının mərkəzində erməni kilsəsi dövlət tərəfindən bərpa edilib qorunur. Bu mənada məhkəmənin mövqeyi Azərbaycan üçün öhdəlik deyil, əksinə, Azərbaycanın dövlət siyasəti ilə tam uzlaşır.

Bəhruz Məhərrəmov

Millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü