Beynəlxalq təşkilatlar Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığı davam etdirir

Son 30 ildən çox əməkdaşlıq dövründə Azərbaycan NATO-nun bütün strateji layihələrində uğurla təmsil olunub. Silahlı Qüvvələrimizdə aparılan islahatlar müdafiə imkanlarının müasirləşdirilməsi, yüksək səviyyəli peşəkarlıqla müşaiyət olunur. Hərbi Alyansın baş katibi Yens Stoltenberqin martın 17-də ölkəmizə səfəri zamanı Azərbaycanın təşkilat üçün əhəmiyyəti bir daha gündəmə gəldi. Ölkəmizin Kosovo və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakı sayəsində əldə etdiyi uğurlu təcrübə, Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr kimi əməkdaşlıqda sadiqlik xüsusi vurğulandı. Baş katibin də söylədiyi kimi, məhz  Azərbaycanın hava limanının mühafizəsinə görə cavabdehliyi NATO qüvvələrinin Əfqanıstandan təxliyəsində əsas məsələ idi.

Cənubi Qafqazda təhlükəsizlik məsələsi NATO-nun da gündəmindədir. Dövlət başçımız bəyan etdi ki, Qarabağ münaqişəsi hərbi-siyasi yolla həll edilib. Biz BMT Nizamnaməsinə əsasən özünümüdafiə hüququmuzdan istifadə etmişik. Hazırda isə biz Ermənistanla sülh danışıqlarının fəal mərhələsindəyik. Sülh danışıqlarına başlamağın rəsmi Bakının təşəbbüsü olduğu baş katibin də diqqətinə çatdırıldı.

NATO rəhbərliyi də hesab edir ki, uzun illərin münaqişəsindən sonra Ermənistanla Azərbaycan arasında hazırda davamlı sülhə nail olmaq imkanı var. Hərbi alyans Ermənistanla dayanıqlı sülh sazişinə nail olmaq üçün həmin fürsətdən istifadə etməkdə rəsmi Bakını dəstəkləyir.
Xatırlatmaq yerinə düşər ki, bir neçə il əvvəl Avropa regionunda hərbi fəaliyyət, həmçinin Suriyadakı vəziyyətin müzakirəsilə bağlı NATO və Rusiya arasında yüksək səviyyəli görüşlərə də məhz Azərbaycan ev sahibliyi etmişdi.

Baş katibin ölkəmizə səfəri zamanı keçirilən görüşlərdə Azərbaycanın enerji təhlükəsiliyində roluna diqqətin çəkilməsi isə təsadüfi deyildi. Çünki baş katib vaxtilə Norveçin energetika naziri qismində  ölkəmizə səfərlər edib. Azərbaycanın enerji potensialını düzgün idarə olunmasının müşahidə edib. Azərbaycanın Avropanın enerji təh¬lükəsizliyinə verdiyi töhfə NATO-nun ölkəmizə diqqətini artırır. Təsadüfi deyil ki, NATO-ya üzv olan ölkələr qaz təchizatı baxımından Azərbaycanın tərəfdaşlarıdır.

Stoltenberq həmçinin Prezident İlham Əliyev tərəfindən Azərbaycanın ev sahibliyi edəcəyi COP29-a qonaq kimi dəvət olundu. COP29-un çox mühüm tədbir olaca¬ğını deyən baş katib bu gün dünyada ha¬mının iqlim dəyişmələrinə qarşı mübarizə aparmasının vacibliyini önə çəkib.  Bakıda verilən bəyanatlardan aydın oldu ki, iqlim dəyişmələri təhlükəsizlik üçün vacib olduğundan NATO üçün də əhəmiyyətlidir.  Azərbaycanın təbii qaz ixrac etməklə yanaşı alternativ enerjiyə sərmayə yatırması hərbi alyans tərərfindən də təqdir olunur.

NATO Azərbaycanı etibarlı uzunmüddətli tərəfdaş hesab edir. Ölkəmiz eyni zamanda  NATO Parlament Assambleyasında fəal iştirak edir.  NATO PA və Azərbaycanın müxtəlif səviyyəli nümayəndələri arasında baş tutan səfərlər mübadiləsi, məsləhətləşmə və müzakirələr bu qurumla əməkdaşlığın güclənməsinə zəmin yaradır.  Bir sözlə, Y.Stoltenberqin səfəri, Bakıda aparılan müzakirələr onu deməyə əsas verir ki, NATO Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığı davam etdirmək  niyyətindədir.

Könül Nurullayeva,

Milli Məclisin deputatı