Beynəlxalq təşkilatlar öz mövqelərini bildirməlidir

14

 

Elnur Aslanov: Xocalıda dinc əhalinin kütləvi surətdə qətliamında iştirakı olan hər bir kəs cəzasını almalıdır
«1992-ci ilin fevralında Xocalıda dinc əhalinin kütləvi surətdə qətliamında iştirakı olan hər bir kəs cəzasını almalıdır». Bu fikri Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Xocalı faciəsinin 22-ci ildönümündə Tvitterdə özünün mikrobloqunda yazıb.
E.Aslanov bildirib ki, Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan faciənin əsas günahkarı kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidir. Sözlərinə təsdiq olaraq E.Aslanov Sarkisyanın britaniyalı jurnalist Tomas de Vaala faciədən sonra müsahibəsində dediyi sözləri xatırladıb. “Sarkisyan, o və onun kimilərin Xocalıda dinc əhali üzərində divan tutmalarının səbəbini açıq şəkildə etiraf edib” deyə, E.Aslanov qeyd edib.
“Qara Bağ” kitabına sonradan daxil edilən bu müsahibədə Sarkisyan açıq bəyan edir: “Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar, düşünürdülər ki, ermənilər dinc əhaliyə əl qaldırmağa qadir deyillər. Biz bunu (stereotipi) sındıra bildik”.
E.Aslanov həmçinin beynəlxalq təşkilatları faciənin 22-ci ildönümündə bu barədə öz mövqelərini bildirməyə çağırıb. “Bir məsələ haqqında danışıb, digəri haqqında susmaq adəti olan beynəlxalq təşkilatlar Xocalı soyqırımı barədə danışmalıdırlar. Çünki bu soyqırımında günahkar olan insanların sərbəst şəkildə gəzmələrinə müşahidəçi qismində baxmaq onların da bu cinayətə şərik çıxmaları anlamına gəlir. 22 il əvvəl erməni vandalları qadınlar, uşaqlar və qocalar da daxil olmaqla Xocalının dinc sakinlərini vəhşicəsinə qətlə yetiriblər. Bu bizim yaddaşımızdadır və bunu hüznlə xatırlayırıq!”, deyə, E.Aslanov vurğulayıb.