Biləcəridə sakinləri ferma problemi

 

 

Biləcəri qəsəbəsinin sakinlərinin tanımadıqları şəxs 5 hektar sahəni alaraq həmin ərazidə iribuynuzlu mal-qara saxlamaq üçün böyük bir ferma tikib.

Məlumata görə, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsindən yaşayan sakinlərinin sözlərinə görə, məhz bu şəxsin sayəsində artıq bir ildən çoxdur ki, üfunət iyindən 5 dəqiqə belə dayanmaq mümkün olmayan küçədə yaşamağa məcburiyyətindədirlər. Yay ayları olanda vəziyyət daha da dözülməz olur.

Pis qoxudan evdən bayıra çıxmaq onlar üçün müşkülə çevrilir. Fermada iribuynuzlu heyvanların pis qoxusunun gəlməsi hələ azmış kimi, heyvanların tullantı məhsullarının küçə ilə axıdılması da başqa problem yaradıb. Daha dəqiq tullantıların axıdılması üçün quyular qazılıb ki, bu da insanların kanalizasiya xəttinə birləşdirilib.

Natəmizliyin baş alıb getdiyi Məlik Aslanov küçəsində əgər 100-dən çox ailənin yaşadığını düşünsək, o zaman vəziyyətin nə qədər ağır olduğunu başa düşmək heç də çətin olmaz.

Sakinlərin sözlərinə görə, onlarla ailənin bu antisanitar vəziyytdə yaşamasına hələ də reaksiya verən qurum tapılmayıb. Müvafiq orqanlara etdikləri şikayətin cavabsız qaldığını görən qonşular, fermanın sahibilə əlaqə saxlamağa çalışıblar. Bu cəhdləri də boşa çıxıb. Səbrləri tükənən şikayətçilər fermaya üz tutdular. Çağırılmamış qonaqları görən fermanın işçiləri qapını qonşuların üzünə bağladı. Belə olan halda isə qəsəbə sakinləri qapını güclə açaraq içəri daxil olmağa cəhd etdilər.

Ferma işçilərindən heç kəs qabağa çıxıb problemlə bağlı açıqlama vermədi. Belə olan təqdirdə məsələyə aydınlıq gətirmək üçün Gigiyena və Epidemiologiya Mərkəzinə müraciət etdik. Mərkəzin şöbə müdiri Zirəddin Kazımov problemdən xəbərdar olduqlarını deyərək bildirdi ki, həmin əraziyə baxış keçirilib və müəyyən olunub ki, həmin ferma heç bir sanitar qaydalara cavab vermir. Bununla bağlı qərarı isə hələ ki, Binəqədi Rayon Məhkəməsinin iş icraçıları nədənsə icra etmir.

Zirəddin Kazımov qeyd etdi ki, bununla bağlı artıq qərar vermişik ki, həmin ferma fəaliyyət göstərə bilməz: ”Bunu 2013-cü ildə demişik. Amma iş icra olunmayıb. Artıq biz bu yaxında yenidən işi araşdırmağa başladıq və yenidən məhkəməyə müraciət etdik”.

Şöbə müdiri son olaraq dedi ki, biz öhdəmizə düşəni etmişik, məhkəmənin iş icraçılarının qərarı yerinə yetirməsi qalır. ANS