“Bir tək 8 Noyabr zəfəri İlham Əliyevi yenidən prezident seçmək üçün yetərlidir”

Vahid Əhmədov: “Əminəm ki, xalqın seçimi müzəffər liderindən yana olacaq, amma bu, o demək deyil ki, seçkidə digər namizdələrin iştirakı mənasızdır”.

 

“Seçkilərdən sonra xaricdə müəyyən dairələrin Azərbaycana qarşı  yeni böhtan kampaniyasına start verəcəyi gözlənilənilir”.

Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyası (YAP) dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb.

Xalq.az xəbər verir ki, Moderator.az  millət vəkili Vahid Əhmədovla söhbəti zamanı bu və digər məsələləri şərh etməyə çalışmışdır.

-Vahid müəllim, bildiyiniz kimi YAP 2024-ci ilin 7 fevral tarixli prezident seçkilərinə İlham Əliyevlə qatılacaq. Öncə YAP-ın bu qərarı ilə bağlı düşüncənizi bilmək istərdik.

-Hesab edirəm ki, İlham Əliyevin qarşıdakı seçkilərə namizədliyinin irəli sürülməsi sadəcə YAP-ın istəyi deyil. Bu, həm də  Azərbaycan xalqının böyük əksəriyyətinin  istəyidir.

YAP tərəfindən məhz İlham Əliyevin prezident seçkilərinə namizədliyinin irəli sürülməsi düşünmürəm ki, kimin üçünsə gözlənilməz olsun. Çünki fakt budur ki, 7 fevral seçkilərinə İlham Əliyevin alternativi yoxdur və indidən əminliklə deyə bilərəm ki, xalq bu seçkidə məhz onu  dəstəkləyəcək, ona növbəti dəfə etimad göstərəcək. Xalqın İlham Əliyevə etimad göstərməsinin səbəbləri isə kifayət qədər çoxdur.

-Sizcə xalqın İlham Əliyevə etimadının arxasında dayanan əsas səbəb və ya səbəblər nədən ibarətdir? 

-Bu səbəblərdən biri, deyərdim ki, birincisi məhz şanlı 8 Noyabr zəfəri ilə bağlıdır.

İlham Əliyev 2020-ci ilin 44 günlük Vətən müharibəsində Ali Baş Komandan kimi əldə etdiyi qalibiyyətlə Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. 30 il ərzində parçalanan, yağmalanan, sərvətləri talanan, düşmən tapdağı altında qalan Vətənə azadlıq və həyat bəxş etdi. İlham Əliyevin rəhbərliyi altinda ordumuzun Vətən müharibəsindəki əzmkar qələbəsi ilə bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı hər sahədə olduğu kimi hərb sənətində də, müharibə meydanında da böyük və yenilməzdir. Dövlət başçısı sübut etdi ki, Azərbaycanın 30 il ərzində müharibədən imtina etməsi onun aciz, hərbi baxımdan zəif olması ilə bağlı olmayıb. Azərbaycan sülhpərvər dövlət kimi Qarabağ problemini sadəcə olaraq danışıqlar yolu ilə, qan tökülmədən həll etmək istəyir. Təəssüf ki, Azərbaycanın bu arzusu işğalçı Ermənistan və onun havadarları tərəfindən zəiflik kimi dəyərləndirilib, düşməni ölkəmizə qarşı yeni təxribatlara həvəsləndirib. Məhz başqa seçim yolu olmadığına görə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan silahlı qüvvələri 2020-ci ilin 27 sentyabr tarixində düşmən hücumunu uğurlu əks-hücuma çevirərək cəmi 44 gün ərzində 30 illik işğala son qoydu.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Silahlı Qüvvələrimizin əldə etdiyi bu qələbə sadəcə torpaqlarımız üzərində dövlətimizin nəzarətini de-fakto təmin etmədi. Bu zəfər həm də bütün xalqımıza mənəvi dirilik bəxş etdi. Xalqımızın özünə, gücünə olan inamı yenidən geri döndü. Xalq 8 Noyabr zəfəri və ondan sonra keçirilən antiterror əməliyyatı ilə öz ləyaqətini, qürurunu, məğrurluğunu bərpa etdi və bütün dünyaya özünün yenilməzliyini, məğlubedilməzliyini göstərdi.

Bu baxımdan əminliklə deyə bilərəm ki,  Vətən müharibəsindəki qələbəmiz işğaldakı torpaqlarımızla yanaşı, həm də xalqımızın qəfəsə salınmış qələbə ruhunu, özünə inamını azad etdi. Bir tək bu amil İlham Əliyevi yenidən prezident seçmək üçün yetərlidir.

-Vahid müəllim, sizcə daha hansı amillər İlham Əliyevin namizədliyinin xalq tərəfindən dəstəklənməsini şərtləndirəcək?

-Bu cür amillər olduqca çoxdur və onların hamısını sadalamaq böyük vaxt tələb edir. Amma mən sadəcə bir neçə amilə toxunmağı vacib hesab edirəm. Bunlardan biri İlham Əliyev sözün həqiqi mənada xalqın Prezidenti olması ilə bağlıdır. Dövlət başçısı bütün kritik vaxtlarda – Vətən müharibəsində, pandemiya dönəmində xalqın yanında oldu, onun hər bir istəyinə, arzu və çağırışına dərhal, sevgi və inamla cavab verdi. O, müharibə dönəmində bir an belə olsun hərbi mundirini əynindən çıxarmadı. İşğaldan qurtulan hər bir kəndin, hər bir şəhərin azadlıq müjdəsini xalqa bilavasitə Ali Baş Komandanın özü çatdırdı. İlham Əliyev müharibə dönəmində sadəcə işğalçı Ermənistanla deyil, həm də onun beynəlxalq aləmdəki havadarları ilə media və diplomatiya platformasında döyüşdü və bu gün də döyüşməkdədir.

Pandemiya vaxtı imperialist güclərin “vaksin acgözlüyünü” ifşa edən İlham Əliyev, bütün bəşəriyyətin mənafeyi, gələcək və sağlamlığı uğrunda mübarizə apardı. Pandemiya dönəmində ölkəmizdə işsiz, aztəminatlı ailələrə böyük miqdarda ərzaq yardımları göstərildi. Heç kim taleyin ümidinə buraxılmadı. Bu fakt bir daha göstərdi ki, İlham Əliyev həqiqətən də hər bir azərbaycanlının prezidentidir və onun bu xalqa rəhbərlik etməyə, onu öz arxasınca aparmağa mənəvi haqqı var.

Dünyada tüğyan edən iqtisadi böhranın mənfi təsirlərinə baxmayaraq Azərbaycanda böyük iqtisadi layihələrə start verildi, bəziləri isə uğurla həyata keçirildi.Bu da öz növbəsində maliyyə sektorunda baç verə biləcək böhrandan az itki ilə çıxmağa  şərait yaratdı.

-Seçkilərdə İlham Əliyevlə yanaşı bəzi millət vəkilləri, siyasətçilər də iştirak edəcək. Hansı ki, bəzi sosial şəbəkə istifadəçiləri bu namizədləri məğlub olacaqlarını bildikləri halda seçki prosesində iştirak etməkdə qınayır. Sizcə bu qınaqları qismən və ya tamamilə haqlı saymaq olarmı?

-Hesab edirəm ki, bu qınaqların heç bir əsası yoxdur. Əlbəttə, mən özüm də əminəm ki, xalq bu seçkidə yenə İlham Əliyevə səs verəcək, onun namizədliyini müdafiə edəcək. Amma bu, heç də o demək deyil ki, seçkilərə digər namizədlər qatıla bilməz və ya qatılmamamalıdır.

Hər şeydən öncə unutmaq olmaz ki, seçki demokratik bir prosesdir və seçkilərdə çoxsaylı namizədin iştirakı ölkəmizdə demokratiyanın mövcud durumunu əks etdirir. Bu fakt sübut edir ki, özünə, öz elektoratına güvənən hər bir şəxs seçkilərə namizəd kimi qatıla bilər.

İkincisi, seçki ona qatılan hər bir namizədə öz  platformasını xalqa çatdırmağa, öz düşüncə və fikirlərini milyonların qarşısında ifadə etəyə imkan qazandırır. Seçkiyə qatılan istənilən namizəd məğlub olduğu təqdirdə belə özü, habelə təmsil etdiyi partiya haqqında xalqda daha aydın təsəvvür formalaşdıra, öz ideyalarını xalqa çatdıra bilir. Qalanı, şübhəsiz, xalqın qərarıdır və hər kər bu qərara hörmət etməyə borcludur.Ona görə də səsləndirilən baykot çağırışlarını yersiz və əsassız hesab edirəm.Yuxarıda qeyd etdiyim kimi əksinə bu kampaniya siyasi partiyalara öz ideya və fikirlərini xalqa çatdırmaq üçün bir fürsət verir.

Bu baxımdan hesab edirəm ki, seçkilərə İlham Əliyevlə yanaşı, digər siyasətçilərin də qatılması təqdirəlayiqdir və bu, ölkəmizdəki demokratiyadan, siyasi azadlıqdan xəbər verir.

-Sizcə seçkilərdə İlham Əliyevin qələbəsi bəzi Qərb dairələrinin ölkəmizdə keçirilən seçkinin obyektivliyinə yönəlik əssasız ittihamları da özü ilə gətirəcəkmi?

-Bəli. Bəzi dairələrin ölkəmizə olan hazırkı münasibəti onu söyləməyə əsas verir ki, İlham Əliyevin prezident seçkilərindəki qələbəsi ilə bu qüvvələr ölkəmizə, onun prezidentinə qarşı növbəti böhtan kampaniyasına start verə bilər. Dövlətimizin və xalqımızın 44 günlük Vətən müharibəsindəki tarixi qələbəsini gözü götürməyən, bu gün işğaldan azad edilən ərazilərimizdə Prezident İlham Əliyevin bilavasitə nəzarəti altıdna həyata keçirilən misilsiz yenidənqurma işlərinə həsədlə baxanlar, yenə də öz yalanları ilə dünya birliyini aldatmağa çalışacaqlar. Lakin onlar bilməlidirlər ki, Azərbaycan dövləti, Azərbaycan xalqı hər cür təxribatın, o cümlədən siyasi təxribatların öhdəsindən layiqincə gələcək, kimsənin ölkəmizin beynəlxalq aləmdə imicinə kölgə salmasına imkan verməyəcək.