Birinci vitse-prezident uşaqlara görüşdü-Fotolar

 

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu gün Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki 11 saylı inteqrasiya təlimli internat məktəbinin yenidənqurmadan sonra açılışında iştirak edib.

XALQ.AZ xəbər verir ki, yenidənqurma işləri çərçivəsində məktəbin həyətində geniş abadlıq-quruculuq və yaşıllaşdırma işləri görülüb. Həyətdə uşaqlar üçün idman meydançaları, müxtəlif attraksion, qurğu və yelləncəklər qoyulub, balacaların istirahətinin mənalı təşkili üçün əyləncə-istirahət guşələri yaradılıb.

Binanın foyesində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və ölkəmizi Birinci vitse-prezidenti Mehriban Əliyevanın uşaqlara diqqət və qayğısını əks etdirən fotolardan ibarət stend yaradılıb. Burada, həmçinin “Rəşadətli Azərbaycan Ordusu” fotostendi də var.

Bu məktəb 1961-ci ildən fəaliyyət göstərir. Hazırda internat məktəbində 945 şagird təhsil alır və onlardan 158 nəfəri xüsusi təhsilə cəlb olunub. 2016-2017-ci tədris ilində məktəbdə təhsil alan şagirdlər 59 sinif üzrə qruplaşdırılıb. Onlardan 38-i ümumtəhsil sinifləri, 21-i isə xüsusi siniflərdir. Ümumtəhsil siniflərində təlim Azərbaycan və rus dillərində aparılır. Müəssisənin yataq korpusunda 133 şagird yaşayır. Xüsusi siniflərdə təhsil alan sağlamlıq imkanları məhdud şagirdlər on illik təhsil müddətini başa vurduqdan sonra şəhadətnamə alırlar.

Azərbaycanın Birinci vitse-prezidenti məktəbin animasiya studiyasında oldu. Burada uşaqlara kadrların hərəkət qaydaları, ssenari yazmaq, onu kadrlaşdırmaq, montaj işi və animasiyanın digər sirləri öyrədilir. Bildirildi ki, buradakı uşaqların işlərinin gələcəkdə beynəlxalq səviyyədə tanıdılması və müsabiqələrdə iştirakı nəzərdə tutulur.

Birinci vitse-prezident Mehriban Əliyeva uşaqların hazırladığı animasiya filminə baxıb.

Xüsusi təhsil proqramları ilə yanaşı, şagirdlər məktəbin tədris emalatxanalarında tikiş, naxışvurma, xalçaçılıq və dulusçuluq üzrə peşələrə yiyələnirlər. Şagirdlər, həmçinin məktəbdə “Bacarıqlı əllər” və rəsm dərnəklərində məşğul olurlar. İnternat məktəbində təsviri incəsənət kabineti də fəaliyyət göstərir. Bununla yanaşı, çətin həyat şəraiti olan ailələrdən 114 uşaq günərzi mərkəzə cəlb edilib. Məktəbdə uşaqların təlim-tərbiyəsi ilə 139 müəllim və tərbiyəçidən ibarət işçi heyət məşğul olur.

Şagirdlər Azərbaycanın Birinci vitse-prezidentinə xatirə hədiyyəsi təqdim ediblər.

Sonra xatirə şəkli çəkdirilib.

 

******

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva martın 1-də Sabunçu rayonunun Pirşağı qəsəbəsində 226 saylı körpələr evi-uşaq bağçasının açılış mərasimində iştirak edib.

XALQ.AZ xəbər verir ki, Birinci vitse-prezident körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məktəbəqədər təhsil müəssisəsində yaradılan şəraitlə tanış olan Mehriban Əliyevaya məlumat verdi ki, körpələr evi-uşaq bağçası Pirşağı qəsəbəsi 112 saylı orta məktəbin binasında 2 qrupla fəaliyyətə başlayıb. Bu məktəbin binası qəzalı vəziyyətdə olduğundan 2011-ci ilin aprel ayında söküldükdən sonra uşaq bağçası Pirşağı qəsəbə nümayəndəliyinin birmərtəbəli binasında 2 otaqda yerləşdirilib. Uşaq bağçası 35 yerlik 2 qrupdan ibarət idi. Prezident İlham Əliyevin 2011-ci il 4 may tarixli Sərəncamı ilə təsdiq edilən “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın Tədbirlər Planının icrası ilə əlaqədar Pirşağı qəsəbə nümayəndəliyi üçün başqa yer ayrıldıqdan sonra 2013-cü ilin iyun ayında qeyd edilən ünvanda yerləşən birmərtəbəli köhnə bina sökülərək yerində uşaq bağçası üçün yeni binanın inşasına başlanılıb.

İndi 110 yerlik bu müəssisədə 2-6 yaş arasında uşaqlar tərbiyə olunurlar. Üçmərtəbəli körpələr evi-uşaq bağçasında azyaşlı sakinlərin rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək, həmçinin onlarda olan bacarıq və istedadları aşkarlamaq üçün hərtərəfli lazımi şərait yaradılıb. Burada müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, musiqi zalları, yeməkxana var.

Körpələr evi-uşaq bağçası ilə tanış olan Birinci vitse-prezident Mehriban Əliyeva müəssisənin işinə uğurlar arzulayıb.

 

S.B.