“Birləşib fəaliyyət göstərməliydik, amma belə oldu” – Xalq artisti

Xalq artisti Rasim Balayevin sədri olduğu Azərbaycan Kinematoqrafçılar İttifaqı yerləşdiyi binadan çıxarılıb. İttifaqın rəhbərliyi və idarə heyətini qurumun keçmiş sədri Rüstəm İbrahimbəyovun mühasibi olan, hazırda binanın qanuni sahibi Lala Əfəndiyevanın çıxardığı bildirilib.

Manset.az-ın məlumatına görə, İttifaqla binanın qanuni sabihi Lala Əfəndiyeva arasında müqavilə ötən ay başa çatıb bundan sonra onlar binadan çıxarılıb. İttifaq rəhbərliyi müqaviləni uzatmaq üçün müraciət etsə də, müsbət cavab verilməyib.

Bu barədə məlumatı  İttifaqın sədri,  Xalq artisti Rasim Balayev təsdiq edib.

“Bizim ötən ay aramızda bağlanan müqavilə başa çatdı. Müraciət edib uzatmaq istəsək də, qadın razılıq vermədi. O bina əslində qanuni kino evinin binası olub. Rüstəm müəyyən səbəblərdən binanı həmin qadının adına keçirib. Hazırda məcbur olub, Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi İttifaqa yerləşmişik. Düzdür, onsuz birləşib fəaliyyət göstərməliydik, amma belə oldu.”